Masallıda qadın futbol festivalı keçirilib

Masallıda qadın futbol festivalı keçirilib
# 29 avqust 2012 19:46 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Avqustun 29-da Masallı Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə qızlar arasında “Live Your Goals” ( “Öz Məqsədini Yaşat”) adlı futbol festivalı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, 232 nəfər qızın iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov festivalın ölkəmizdə qadın futbolunun təbliğinin gücləndirilməsi, qızların bu idman növünə marağının artırılması məqsədi daşıdığını bildirib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı isə çıxışında bildirib ki, bir çox cəmiyyətlərdə qadınların idmanla məşğul olmasınının düzgün qavranmaması və idmançı-qadınların “kişiləşmiş” kimi qəbul edilməsi kökündən yanlış fikirdir. Onun sözlərinə görə, idmanla məşğul olan qızlar özlərini daha sərbəst və güclü hiss edirlər.
Tədbirdə çıxış edən Cənub Regional Futbol Federasiyasının əməkdaşı Şamil Məmmədov futbolçu qızlara uğurlar diləyib.
Rəsmi açılış mərasimindən sonra cənub bölgəsində fəaliyyət göstərən müxtəlif yaşlı qız komandalarının futbolçuları məharətlərini nümayiş etdiriblər.
Festivalın yekununda isə iştirakçı və fəallara layihə barədə məlumatlandırıcı bukletlər, sentyabr ayında ölkəmizdə keçiriləcək 17 yaşlı qadınlar arasında dünya çempionatının təbliği istiqamətində hazırlanmış suvenirlər və xüsusi köynəklər paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR