Bakıda postsovet ölkələri dəmir yolu şirkətlərinin ümumşəbəkə müşavirəsi keçirilir

Bakıda postsovet ölkələri dəmir yolu şirkətlərinin ümumşəbəkə müşavirəsi keçirilir
# 03 aprel 2012 10:45 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin daşıma təsərrüfatı rəhbərlərinin ümumşəbəkə müşavirəsi işə başlayıb.

“Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı üzrə Şura Direktorluğunun sədri Pyotr Kuçerenko müşavirənin keçirilməsi üçün yaradılan şəraitə görə ADY QSC-nin rəhbərliyinə minnətdarlığını bildirib.

ADY QSC sədrinin I müavini Əlirza Süleymanov Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlər, Şimal-Cənub və Bakı-Tiflis-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlər haqqında danışıb.

Nümayəndə heyətləri rəhbərlərinin giriş nitqindən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Gündəliyə 29-30 aprel 2008-ci ildə Baranoviç şəhərində keçirilən üzv dövlətlərin dəmir yollarının daşıma təsərrüfatı rəhbərlərinin üçüncü ümumşəbəkə müşavirəsinin qərarlarının yerinə yetirilməsinin vəziyyəti; 2011-ci ilin və 2012-ci ilin iki ayının nəticələri, Yük vaqonlarının vahid idarəedilməsi və istifadəsi parkının yaradılması məsələləri daxildir.

Aprelin 5-dək davam edəcək ümumşəbəkə müşavirəsinin sonunda müvafiq protokol imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR