Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin insan resurslarının inkişafı, kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşüb

Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin insan resurslarının inkişafı, kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşüb
# 14 mart 2012 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin insan resurslarının inkişafı, kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibal ilə görüşüb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı İ.Hacıyev Azərbaycanın Hindistanla iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, o cümlədən qeyri-neft sahəsindəki nailiyyətləri diqqətə çatdırıb.

Səfir Azərbaycanın informasiya texnologiyaları sahəsində Hindistan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib və bu sahəni əhatə edən hüquqi sənədlərin imzalanmasının vacibliyini vurğulayıb.

Diplomat Azərbaycanın informasiya texnologiyaları üzrə mütəxəssislərinin Hindistanda təşkil olunan informasiya texnologiyaları üzrə kurslarında iştirakının qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini bildirib. İ.Hacıyev Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun hindistanlı həmkarı K.Sibalı «BakuTel-2012» Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə dəvətini Hindistan tərəfinin diqqətinə çatdırıb.

Öz növbəsində K.Sibal Hindistanın Azərbaycanla əlaqələrin inkişafında, iqtisadi əməkdaşlığın genişləndirilməsində, müasir informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə reallaşan, qonşu və Avropa ölkələri və BMT tərəfindən dəstəklənən Şərq ilə Qərbi birləşdirən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Azərbaycanın 2012-ci ildə orbitə buraxacağı süni telekommunikasiya peyki barədə məlumat maraqla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR