Fransanın Azərbaycandakı səfiri rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Fransanın Azərbaycandakı səfiri rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 03 may 2012 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səlahiyyət müddəti başa çatmış və Azərbaycanda missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.

Azərbaycan tərəfinə milli peykin orbitə çıxarılmasında Fransanın «ArianeSpace» peyk şirkəti ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Q.Keller bu başlanğıcın müvafiq sahədə davamlı olacağını bildirməklə yanaşı, əməkdaşlığı növbəti illərdə ölkədə qurulan telekommunikasiya sahəsində, eləcə də kosmik sənayenin formalaşması istiqamətində Fransanın Azərbaycana verə biləcəyi töhfə kimi qiymətləndirib.

Öz növbəsində Ə.Abbasov da səfirin fəaliyyəti dövründə Azərbaycan və Fransa arasında qurulan əməkdaşlığın gələcəkdə növbəti inkişaf mərhələsinə qədəm qoyacağını vurğulayıb. Hazırda fransız şirkətləri ilə əməkdaşlıq və birgə fəaliyyətin uğurla davam etdirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, qarşıdakı illər ərzində də müxtəlif istiqamətlərdə fəaliyyət zamanı Fransa təcrübəsindən istifadə edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR