Bu il Azərbaycanda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 120 milyon manat güzəştli kredit verilib

Bu il Azərbaycanda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 120 milyon manat güzəştli kredit verilib
# 27 iyul 2012 12:35 (UTC +04:00)
APA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir Qax rayonunun İlisu kəndində baş tutub. Tədbirdə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Tədbirdə Qax rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli cır meşə meyvələrinin emalı müəssisələrinin, müasir quşçuluq təsərrüfatının və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər regionların sürətlə inkişaf etdiyini, ölkənin digər rayonlarında olduğu kimi, Qaxda da yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin açıldığını diqqətə çatdırıb.

Bundan başqa İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, Şəki-Zaqatala iqtisadi rayonunda indiyədək 1215 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslan 12 layihənin maliyyələşdirilməsinə 28,6 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, Şəki-Zaqatala iqtisadi rayonunun potensialı nəzərə alınaraq, istehsal sahələrinin genişləndirilməsinin və yeni emal müəssisələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsinə diqqətin daha da artırılacağı vurğulanıb, bu sahədə sahibkarların fəallığının artırılması tövsiyə olunub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda istehsal və emal sahələrində fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir. Sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR