Tablosu ən baha qiymətə satılan türk rəssamı: “Azərbaycanda mədəniyyət dünyanın bir çox ölkəsindən irəlidədir” - FOTO

Tablosu ən baha qiymətə satılan türk rəssamı: “Azərbaycanda mədəniyyət dünyanın bir çox ölkəsindən irəlidədir” - <font color=red>FOTO</font>
# 22 may 2012 14:53 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. “Azərbaycanda mədəniyyətin səviyyəsi dünyanın bir çox ölkəsindən irəlidədir”. APA-nın məlumatına görə, bu sözləri mayın 23-də İstanbul Modern Sənət Muzeyində retrospektiv sərgisi açılacaq türkiyəli rəssam Burhan Doğançay deyib. 50 illik yaradıcılıq məhsullarının nümayiş etdiriləcəyi sərgi ərəfəsində APA-nın suallarına cavab verən 83 yaşlı Burhan Doğançay deyib: “Dünyanın 114 ölkəsinin 500-dən artıq şəhərinə getdim. Azərbaycana səfərim mənim üçün unudulmazdır. Orda mədəniyyət səviyyəsi dünyanın bir çox ölkəsindən qabaqdadır. Təsəvvür edin ki, Azərbaycanda ilk opera 1908-ci ildə tamaşaya qoyulub. Ölkənizdəki musiqiçilərin sayını dünya ilə müqayisə edəndə qarşımıza çox əzəmətli bir panorama çıxır. Bu işdə çar dövründə Azərbaycan neftinə ortaq olmuş Nobellərin də rolu böyük olub. Azərbaycan rəssamlıq sənətini də yüksək dəyərləndirirəm, orda yaxından tanıdığım qiymətli sənətkarlar var. Hazırda bu sərgimin Sankt-Peterburqda nümayiş etdiriləcəyindən söhbət gedir. Daha sonra Azərbaycana getməyi çox istəyirəm”.

Qeyd edək ki, B. Doğançay yaşayan türk plastik sənət ustaları arasında tablosu ən bahalı qiymətə satılan ilk rəssamdır. 2009-cu ilin noyabrında İstanbulda keçirilən auksionda rəssamın 1987-ci ildə çəkdiyi “Mavi simfoniya” adlı tablo “Ülker Holding” tərəfindən 1,5 milyon dollara satın alınıb. İstanbulun Bəyoğlu səmtində sənətkarın şəxsi muzeyi var. 50 ildən bəri Nyu-Yorkda emalatxanası olan B. Doğançayın ABŞ-da iri həcmli rəsm kitabı çıxıb. Sankt-Peterburqdakı Dövlət Rus Muzeyi 1990-cı ildə Burhan Doğançayın sərgisini açıb və rusca kitabını nəşr edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR