Azərbaycanda plastik kartlar əsasən nağd əməliyyatlar üçün istifadə olunur

Azərbaycanda plastik kartlar əsasən nağd əməliyyatlar üçün istifadə olunur
# 14 fevral 2012 11:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda buraxılmış plastik kartların sayı 2012-ci ilin yanvarın 1-nə 4 580 min ədəd təşkil edib ki, bu da 2011-ci ilin yanvarın 1-nə nisbətən 349 min ədəd və ya 8,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kartların 2 522 mini sosial kartları, 1 330 mini əmək haqqı kartları, 547 mini digər debet kartları, 181 mini isə kredit kartlarıdır.

Ötən il ərzində plastik kartlarla 50 953 min əməliyyat aparılıb, əməliyyatların həcmi 7 230 mln. manat təşkil edib ki, bu göstəricilər il ərzində müvafiq olaraq 9,6% və 19,4% artıb.

Debet kartlarla əməliyyatların sayı 48 130 minə bərabərdir ki, bu da ümumi sayının 94,4%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 6 457 mln. manatdır ki, bu da ümumi həcmin 89,3%-ni təşkil edir. Öz növbəsində kredit kartlarla 2 824 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 773 mln. manata bərabərdir.

Debet kartlar üzrə bir əməliyyatın ortalama həcmi 134,2 manata bərabərdir. Kredit kartlar üzrə bu göstərici 273,7 manat təşkil edir.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 45 737 mini və ya ümumi sayının 89,8%-i nağd pulun çıxarılması üzrə əməliyyatlardır. Bu əməliyyatların həcmi 6 545 mln. manatdır ki, bu da ümumi həcmin 90,5%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR