Yunanıstan Azərbaycan qazını alacaq ilk Avropa ölkəsi olmaq arzusundadır

Yunanıstan Azərbaycan qazını alacaq ilk Avropa ölkəsi olmaq arzusundadır
# 13 may 2009 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

M.Varvitsiotis yunan iş adamlarından ibarət 40 nəfərlik heyətlə Azərbaycana gəlişinin ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi daşıdığını bildirib. Yunanıstanın Azərbaycandan birbaşa qaz idxal edən ilk Avropa dövləti olmaq istədiyini deyən nazir müavini qeyd edib ki, bu baxımdan TGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri layihəsi ölkəsi üçün mühüm əhəmiyyət kəsb edir. Yunanıstan bu layihəni tezliklə həyata keçirmək əzmindədir. TGI-nin digər layihələrdən üstünlüyü ən qısa zaman ərzində və minimal xərclərlə reallaşa bilməsidir.

Görüşdə iştirak edən Yunanıstan Neft Şirkətinin prezidenti Con Kostopoulos təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqqında ARDNŞ rəhbərliyinə məlumat verərək bildirib ki, bu şirkət öz emal zavodları üçün daha yüngül Azərbaycan neftinin alınmasında maraqlıdır.

Azərbaycan qazının Avropaya nəqli baxımından müxtəlif layihələrin diqqətlə öyrənildiyini deyən R.Abdullayev isə bildirib ki, TGI layihəsi haqqında istər Yunanıstanın «Depa», istərsə də İtaliyanın «Edisson» şirkəti ilə müzakirələr aparılıb. Hazırda digər ölkə və şirkətlərlə də danışıqların aparıldığını vurğulayan R.Abdullayev Azərbaycan üçün qaz kəmərlərinin diversifikasiyasının vacib əhəmiyyət kəsb etdiyini və bu baxımdan bütün təkliflərin və mövcud layihələrin diqqətlə nəzərdən keçirildiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR