«Bank Avrasiya» son bir ildə kredit portfelini 10 dəfə artırıb

«Bank Avrasiya» son bir ildə kredit portfelini 10 dəfə artırıb
# 20 may 2009 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 46,724 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-i ilə müqayisədə 20,2% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 43,2% azalaraq 21,664 mln. manat, kredit portfeli 10,3 dəfə artaraq 25,841 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3,7 dəfə artaraq 5,426 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 4,2% artaraq 20,955 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 34,2% artaraq 1,698 mln. manata, xərcləri isə 21% azalaraq 1,146 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti cari ilin ilk üç ayında 0,552 mln. manat təşkil edib. Ötən ilin yanvar-mart aylarını isə bank 0,184 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Bankın hazırda 2 bankomatı, 21 POS-terminalı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR