Sumqayıtdakı Sülh küçəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Sumqayıtdakı Sülh küçəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
# 27 sentyabr 2016 08:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.

APA-nın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış suları üçün kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi yaradılıb, küçə boyunca dekorativ istinad divarları tikilib.

Bildirilib ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR