Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb
# 07 yanvar 2016 07:21 (UTC +04:00)

Bakı – APA. Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 203 komandası yer alıb.

Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı. Ağdam klubu 142 xalla 77-ci yerdədi və bu pilləni İspaniya “Valensiya”sı ilə bölüşür.

Qurban Qurbanovun yetirmələri “Borussiya” (Mönhenqladbax, Almaniya), “İnter” (İtaliya), MOİK (Rusiya), “Styaua” (Rumıniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa), “Santos” (Braziliya) kimi komandaları qabaqlayır. Azərbaycanda böyük azarkeş ordusu olan Türkiyə klubları “Qalatasaray” və “Beşiktaş” da aşağı pillələrdədi.

139,50 xalı olan “Cim-Bom” “Qarabağ”dan 5 pillə aşağıda – 82-ci yerdə qərarlaşıb. 132 xalı olan “ağ-qaralar” 95-cidi.

Ümumiyyətlə 203 ən yaxşı arasında 4 komanda ilə təmsil olunan Türkiyənin ən yaxşı klubu “Fənərbaxça” 39-cudu – 174,50.

“Qəbələ” 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Əyalət klubunun şərikləri “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Cənubi Koreya) komandalarıdı. “Everton”, “Vest Hem” (hər ikisi İngiltərə), “Palmeyras” (Braziliya), “Lion” (Fransa), “Rubin” (Rusiya) daha aşağı pillələrdədi.

Bakı “İnter”i 92 xalla 192-ci yerə şərikdi. Paytaxt klubu daha 3 komanda ilə eyni nəticəyə malikdi. “İnter” Nigeriyanın “Volves”, İsveçrənin “Tyun” və Ermənistanın “Pünik” klubu ilə eyni nəticə əldə edib.

Siyahıya İspaniya “Barselona”sı başçılıq edir – 379. İtaliya klubları “Yubentus” 286 xalla 2-ci, “Napoli” 268 xalla 3-cüdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR