Əlcəzairin əsasən şərqində yerləşən Cijel şəhəri olmaqla 10 şəhərdə son 24 saat ərzində baş verən 174 yanğından 64-ü davam edir.
APA xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə Baş İdarəsinin açıqlamasında bildirilir.
Belə ki, ölkənin şərqindəki Cijel şəhərində 20, şimal-şərqdəki Skikda şəhərində 14, Tarifdə 10, Qelmədə 6, Annabada 5, Becayada 4, Buveyra şəhərində 2, Tebessa, Konstantin və Milada isə bir yanğın davam edir.
Məlumata görə, son 24 saat ərzində baş verən 174 yanğından 110-u söndürülüb.
Yanğınsöndürmə qrupları orduya məxsus BE-200 təyyarələri, həmçinin AT-802 təyyarələri və Mi-26 helikopterlərinin havadan dəstəyi ilə yanğınların söndürülməsi işləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə çərşənbə günü başlayan yanğınlar nəticəsində ümumilikdə 12 nəfər ölüb, 6-sının vəziyyəti ağır olmaqla 54 nəfər yaralanıb.