Memarlıq və İnşaat Universitetinin layihəsi qrant müsabiqəsinin qalibi olub

Memarlıq və İnşaat Universitetinin layihəsi qrant müsabiqəsinin qalibi olub
# 14 iyun 2018 09:47 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Emin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olub.

Universitetdən APA-ya verilən məlumata görə, AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev (rəhbər) və İnşaat – texnologiya fakültəsinin dekanı, professor Tahirə Haqverdiyevanın (həmrəhbər) layihəsi Elmin İnkişafı Fondu elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalib gələn işlər arasında olub.

Qrant qazanan “İnşaat sektorunda istifadə olunan materiallarda radioekoloji və kimyəvi risklər, idarə olunma mexanizmləri və elektron məlumat resurslarının yaradılması” layihəsinin icra müddəti 12 ay və ümumi büdcəsi 70 000 AZN təşkil edir. Universitet bu layihəni AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə yerinə yetirəcək. Layihədə rəhbər, həmrəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək və s. məqsədi ilə keçirilir. Fond akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələri müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə həyata keçirir. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR