Bu ilin əvvəlindən SKMF xətti ilə sahibkarlara 180 mln. manat kredit verilib

 Bu ilin əvvəlindən SKMF xətti ilə sahibkarlara 180 mln. manat kredit verilib
# 07 avqust 2014 13:22 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən işgüzar forum keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, işgüzar forumun məqsədi aqrar sektorda intensiv metodların tətbiqi, istehsalın keyfiyyətli və səmərəli təşkil edilməsi, emalçılar ilə istehsalçılar arasında kooperasiya və bərabərhüquqlu müqavilə münasibətlərinin möhkəmləndirilməsinin stimullaşdırılması, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsini təşkil etməkdir.

Tədbirdə iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı və ət kəsimi müəssisələrinin, kiçik fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forum çərçivəsində SKMF tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 76 sahibkara 7 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən, logistik mərkəzin yaradılması, heyvandarlıq, bağçılıq, quşçuluq, tərəvəzçilik və sairə sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 270-ə yaxın yeni iş yeri açılacaq.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 3 min 164 sahibkara 179,8 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1679 investisiya layihəsinin maliyyələşdirilməsinə 118,8 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR