BMT İnkişaf Proqramının beynəlxalq əlaqələndiricisi: “Su məsələsində Azərbaycan yuxarı axın ölkələrinin təsirinə məruz qalır”

BMT İnkişaf Proqramının beynəlxalq əlaqələndiricisi: “Su məsələsində Azərbaycan yuxarı axın ölkələrinin təsirinə məruz qalır”
# 25 noyabr 2014 10:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan hidrosiyasi problemlər həlli məqsədilə transsərhəd əməkdaşlıq sahəsində lider dövlətə çevrilib. Çünki su ehtiyatlarının olması iqtisadi və sosial inkişaf baxımdan hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda "Kür çayı hövzəsində su ehtiyatlarının birgə idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurulması" mövzusunda çıxış edən BMT-nin İnkişaf Proqramının Kür çayı üzrə layihəsinin 2011-2014-cü illər üçün ABŞ-dan olan beynəlxalq əlaqələndiricisi Meri Metyu söyləyib.

Meri Metyu deyib ki, Azərbaycan hidrosiyasi problemlərin həlli sahəsində əməkdaşlıqda bütün dünya üçün qlobal model ola bilər. O qeyd edib ki, BMT-nin İnkişaf Proqramı burada dövlət qurumları ilə gözəl əməkdaşlığa nail olub: "Azərbaycanın regionda xüsusi rolu var və bu rol getdikcə artır. Ona görə də Azərbaycan üçün su resurslarının paylanması və idarə edilməsi sahəsində transsərhəd əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyəti var. Ona görə də Azərbaycan bu məsələdə regionda müsbət baxımdan aqressiv mövqe tutub. Azərbaycan regionda yeganə dövlətdir ki, əhalisi yüksək templə artır. Gürcüstan və Ermənistanda isə əhali ya aşağı sürətlə artır və ya azalır. Lakin su məsələsində Azərbaycan yuxarı axın ölkələrinin təsirinə məruz qalır".

M.Metyu qeyd edib ki, Kür çayı hövzəsində su ehtiyatlarının birgə idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurulması üçün işçi qrup yaradılıb və bir neçə məsələ araşdırılıb: "Transsərhəd əməkdaşlığı çərçivəsində Gürcüstanla araşdırma apardıq, Ermənistan isə bu əməkdaşlığa razılıq vermədi. Kür hövzəsi ölkələrinin su ehtiyatlarının birgə idarə edilməsi üçün Fəaliyyət Planı hazırlanıb. Plan Azərbaycan hökuməti tərəfindən təsdiqlənib, artıq onun icrasına başlanmaq üzrədir”.

O nəzərə çatdırıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihənin növbəti hissəsi 2015-2018-ci illəri əhatə edəcək. Bu yaxınlarda Dünya Bankı ilə 4 illik layihə çərçivəsində Azərbaycan və Gürcüstan üçün 6 milyon dollarlıq qrant da təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR