İsrailin Qəzzaya hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 fələstinli ölüb, 1267-si yaralanıb

İsrailin Qəzzaya hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 fələstinli ölüb, 1267-si yaralanıb
# 14 iyul 2014 09:26 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İsrail ordusunun Qəzza zolağına hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 nəfər ölüb, 1267 nəfər yaralanıb.


APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin
Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilir ki, ötən gecə olan hava hücumları nəticəsində Qəzzanın cənubundakı Han Yunus şəhərində 3, Qəzzanın mərkəzi hissəsində yerləşən Dəyr-el-Belah şəhərində isə 5 mülki şəxs ölüb.

Ötən gün edilən hücumlar nəticəsində yaralanan fələstinlilərin sayı 73 nəfərdir.

Dəyr-əl-Belah şəhərinə olan hava hücumu nəticəsində bu şəhərdəki “Nur” məscidinin tamamilə dağıldığı, ətrafdakı evlərin də ciddi xəsarət aldığı xəbər verilir.

Qərb mətbuatında yazılanlara görə, ABŞ dövlət katibi Con Kerri İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Kerri Qəzzada atəşkəs əldə edilməsi üçün vasitəçi olmağa hazır olduqlarını bildirib. O, “HAMAS”-ı da raket atəşlərini
dayandırmağa çağırıb.

“HAMAS” isə İnternetdə yayımladığı məlumatda bu gün İsrailin Təl-Əviv, Hayfa, Qüds, Aşkalon və Aşdot şəhərlərini 2 mindən çox mərmi ilə vuracağını bəyan edib.

Məlumatda həmçinin qeyd olunur ki, İsrail ordusu artıq qurudan da həmlələrə başlayıb. Ötən gün “HAMAS” silahlı birləşmələri ilə baş verən toqquşmadan sonra axşama doğru quru əməliyyatları dayandırılıb.

Toqquşma nəticəsində 4 İsrail hərbçisinin yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR