«Fitch Ratings»: Azərbaycan bank sisteminin əsas problemi kapitallaşma ilə bağlıdır

«Fitch Ratings»: Azərbaycan bank sisteminin əsas problemi kapitallaşma ilə bağlıdır
# 05 aprel 2013 10:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemi üçün əsas problemli məsələ sahənin kapitallaşması ilə bağlıdır. Bank aktivlərinin sürətlə genişlənməsi fonunda kapitalın artım prosesi daha zəif gedir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Fitch Ratings» beynəlxalq reytinq agentliyinin icmalında deyilir.

İcmala əsasən, bank sistemində aktivlərin keyfiyyəti və bankların likvidliyi sabitdir, lakin həm iqtisadiyyatın, həm də bank sektorunun göstəriciləri neftin qiymətlərindən asılıdır. Agentliyin hesablamalarına görə, 2012-ci ilin sonuna bank sistemində kapitallaşmanın səviyyəsi 16,7%-ə bərabər olub, lakin problemli kreditlər üzrə 100%-lik rezervləşmə nəticəsində bu göstərici hətta minimal hədd kimi müəyyən olunan 12%-ə enəcək.

Bundan əlavə, kapital sistem üzrə bərabər paylanılmayıb. Ötən ilin sonuna yalnız 12 bankın kapitalı 50 mln. manatlıq minimal tələbə cavab verib. Xatırladaq ki, Mərkəzi Bankın tələbinə görə, 2014-cü il yanvarın 1-dək bütün bankların məcmu kapitalı 50 mln. manata çatdırılmalıdır. Bundan əlavə, 7 bankın kapitalı 35 mln. manatdan artıqdır, qalan 24 banka məcmu olaraq təxminən 700 mln. manat həcmində əlavə kapitallaşma tələb olunur.

Agentliyin fikrincə, bank sistemində gəlirlik səviyyəsi də aşağıdır ki, bunun əsas səbəbləri kimi aşağı marja, problemli kreditlər və bankların kiçik miqyaslarıdır ki, həmin neqativ amillər 2013-cü ildə də sahəyə təsirini göstərəcək. Eyni zamanda, Agentlik bank sistemindəki fondlaşmanı və likvidliyi yüksək qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR