AFFA “MDB çempionatı”nın keçirilməsi ideyasına rəsmi münasibət bildirib

AFFA “MDB çempionatı”nın keçirilməsi ideyasına rəsmi münasibət bildirib
# 17 dekabr 2012 14:19 (UTC +04:00)

Bakı – APA. AFFA son vaxtlar müzakirə olunan MDB ölkələrinin vahid çempionatının keçirilməsi ideyasına rəsmi münasibətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov bununla bağlı hansısa rəsmi müraciət almadıqlarını bildirib.

“Əgər rəsmi müraciət yoxdursa, nə üçün bu məsələyə baxmalıyıq? Hazırkı təqvimi, situasiyanı nəzərə alaraq, bu çempionatın reallaşacağını düşünmürəm. Çünki təqvimdə boş günlər yoxdur. Müstəqil çempionatımız var, mütəmadi oyunlar keçirilir. “Neftçi”nin avrokuboklardakı çıxışı bir daha sübut etdi ki, Premyer Liqa inkişafdadır, ildən-ilə güclənir” – deyə, Məmmədov əlavə edib.

Baş katib 19 yaşlılardan ibarət yığmamızın gələn ilin yanvarında Valentin Qranatkinin xatirə turnirində iştirakını vacib sayır: “Komandamız son 4 ildə bu turnirdə iştirak edib. Çalışmalıyıq ki, hər ilə yarışlara qatılaq. Çünki gənc futbolçuların təcrübə toplaması baxımından turnirin böyük əhəmiyyəti var”.

Azərbaycanla Gürcüstan 2020-ci il Avropa çempionatını birgə keçirməklə namizədliyini irəli sürmüşdü. UEFA həmin turniri fərqli formatda keçirmək fikrindədir. Məmmədov 4-5 ay əvvəl UEFA-nın prezidenti Mişel Platininin bu ideyanı səsləndirdiyini söyləyib: “AFFA prezidenti, cənab Rövnəq Abdullayev UEFA-nın müxtəlif tədbirlərində bu ideyanı dəstəklədiyini bildirib. 2020-ci ildə Avropa çempionatının 60 illik yubileyi olacaq. Bu bayram ab-havasını 1-2 ölkədə deyil, 13-14 dövlətdə paylaşmaq yaxşı fikirdir. Azarkeşlər üçün də bu gözəl fürsətdir. Onlar yaxın ölkələrə səfər edib, həmin oyunları izləmək şansı əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR