“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Şabranda Ahıska türkləri ilə bağlı tədbir keçirilib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Şabranda Ahıska türkləri ilə bağlı tədbir keçirilib
# 23 noyabr 2012 14:48 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Şabran rayonun Udulu kəndində Ahıska türkləri ilə bağlı tədbir keçirilib.

Təşkilatdan APA-ya verilən məlumata görə, tədbirdə 1989-cu il Özbəkistanın Fərqanə vilayətində baş hadisələr zamanı Azərbaycana köçürülən, Xocalıda yerləşdirilmiş, sonradan Xocalı faciəsi zamanı azərbaycanlılarla birgə əsir-girov götürülən, işgəncələrə məruz qaldıqdan sonra azad edilən və hələ də ailə üzvləri əsirlikdə olan Ahıska türkləri iştirak edib. Toplantıda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, Ahıska türkləri üç dəfə - 1828-1829, 1944 və 1989-1992-ci illərdə deportasiyaya məruz qalıb. E. Orucova Xocalı faciəsi zamanı soyqırımına məruz qalanlar arasında çoxlu sayda Ahıska türklərinin olduğunu və onlara qarşı törədilən işgəncə faktları haqqında da danışıb.

Azərbaycan Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Məmmədov bildirib ki, hazırda Azərbaycanda 70 minə yaxın Ahıska türkü yaşayır. O, Ahıska türklərinin tarixindən danışıb və Azərbaycan dövlət tərəfindən onlara göstərilən dəstəyə görə razılığını ifadə edib: “Biz Azərbaycana öz vətənimiz kimi baxırıq. Bunu Qarabağ müharibəsində Ahıska türkləri yaxından iştirakına diqqət etmək kifayət edir”.

Udulu kəndində yaşayan, Ahıska türkü Hacı Gülalı Binaliyev Xocalı hadisələri haqqında danışmaqda çətinlik çəkdiyini deyib. O qeyd edib ki, Xocalı işğal olunan zaman ailəliklə girov götürülüb və hələ də 2 oğlu əsirlikdədir. G. Binalıyev qeyd edib ki, girovluqda olan zaman Ermənistanın eks-prezident Robert Köçəryan tərəfindən ağır işgəncələrə məruz qalıb.

Tədbirin sonunda Xocalı faciəsi zamanı soyqırımına məruz qalmış Ahıska türklərinə ərzaq və qeyri-ərzaq yardımı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR