Corriere della Sera: Müəmmər Qəddafi Fransa xüsusi xidmət orqanları tərəfindən öldürülüb

Corriere della Sera: Müəmmər Qəddafi Fransa xüsusi xidmət orqanları tərəfindən öldürülüb
# 30 sentyabr 2012 03:42 (UTC +04:00)
Bakı-APA. Liviyanın keçmiş lideri Müəmmər Qəddafi Fransa xüsusi xidmət orqanlarının agenti tərəfindən öldürülə bilərdi. İtaliyanın Corriere della Sera qəzeti bu fikirdədir.

Müəllifin fikrincə, Qəddafinin öldürülməsinin rəsmi versiyasına artıq çoxdandır liviyalıların çoxu inanmır. Qəzet Qəddafi öldürülən vaxt Keçid Milli Şurasının başçısı olmuş Mahmud Cəbrayılın sözlərini əsas olaraq gətirib. M.Cəbrayıl Misir telekanallarından birinə Qəddafinin qiyamçıların arasına daxil olmuş xarici agent tərəfindən öldürüldüyünü bildirib.

Corriere della Sera-nın yazdığına görə, Liviya diplomatik dairələrində məhz Fransanın bu işdə həlledici rol oynadığı fikri əsas yer tutur. Söhbət Liviyanın 2007-ci ildə Nikolya Sarkozinin prezident kampaniyasına xərclədiyi pullardan və Qəddafinin bu məsələni aşkara çıxaracağı ilə Fransa rəhbərliyini hədələməsindən gedir.

«Sarkozinin polkovniki mümkün qədər tezliklə susdurmaq üçün ciddi motivi var idi», deyə müəllif bildirir.

Qəzet həmçinin bu məsələdə Suriya prezidenti Bəşər Əsədin də müəyyən rol oynadığını yazıb.

«Qəddafi Iridium peyk telefonu vasitəsilə Suriyaya Bəşər Əsədin himayəsinə qaçmış tərəfdarları ilə əlaqə saxlayıb. Məhz Suriya prezidenti Qəddafinin peyk telefonunun nömrəsini Fransa xüsusi xidmət orqanlarına ötürüb. Əvəzində Əsəd Parisdən Suriyaya qarşı beynəlxalq təzyiqi azaltmaq vədini alıb. Həmin nömrənin vasitəsilə Qəddafinin yeri müəyyən olunub», deyə müəllif əlavə edib.

Liviyanı 42 il idarə etmiş polkovnik Müəmmər Qəddafi 2011-ci il oktyabrın 20-də Sirt şəhərində öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR