USAİD son 20 ildə Azərbaycanda həyata keçirdiyi layihələrə 300 milyon dollardan artıq vəsait xərcləyib

USAİD son 20 ildə Azərbaycanda həyata keçirdiyi layihələrə 300 milyon dollardan artıq vəsait xərcləyib
# 22 iyun 2012 07:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. USAİD 1993-cü ildən bəri Azərbaycanda həyata keçirdiyi layihələrə 300 milyon dollaradan artıq vəsait sərf edib. Ötən il USAİD-in Azərbaycandakı ofisi ölkədə 26 milyon dollar həcmində layihələr həyata keçirib. Bu barədə APA-ya müsahibəsində USAİD-in Azərbaycandakı ofisinin rəhbəri Maykl Qrin bildirib.

O qeyd edib ki, USAİD ilkin mərhələdə Azərbaycanda əsasən məcburi köçkünlərlə bağlı layihələr reallaşdırıb, hökumət bu sahədəki problemlərin həlli ilə özü məşğul olduqdan sonra təşkilat başqa sahələrdə layihələr reallaşdırmağa başlayıb.

Maykl Qrinin sözlərinə görə, hazırda USAİD-in Azərbaycan ofisi hökumətlə sıx əməkdaşlıq çərçivəsində demokratiyanın inkişafı, iqtisadi inkişaf və səhiyyə sahəsində islahatlara dair proqramlar reallaşdırır:
“Bizim ofisin müstəqil missiya olması Azərbaycanın ehtiyaclarını daha yaxşı anlamağa və bununla da reallaşdırılacaq proqramları daha effektiv seçməyə imkan verir. Gələcəkdə ofisimiz qeyd etdiyim istiqamətlər üzrə layihələr reallaşdırmaqda davam edəcək. Sənaye və Energetika Nazirliyi ilə müzakirə etdiyimiz mümkün gələcək sahələrdən biri energetika, alternativ enerji mənbələrinin inkişafına dair proqramlardır”.

O qeyd edib ki, Azərbaycanda reallaşdırılan iqtisadi layihələrin başlıca məqsədi hökumətə qeyri-neft sektorunun diversifikasiyasına dəstək verməkdir və diversifikasiya üçün ən ümidverici sektor kimi daha çox kənd təsərrüfatı sahəsində işləyirlər: “İkinci məqsəd bu sahəyə dair qanunvericiliyin beynəlxalq standartlar səviyyəsinə yüksəltmək üçün çalışmaqdır. Qanunvericiliyini yaxşılaşdırılması Azərbaycana müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanı verir. Ümidvaram ki, üzvlük məsələsi yaxın dövrlərdə reallaşacaq. USAİD bununla əlaqədar fermerlər və kənd təsərrüfatı üzrə ixtisaslaşmış biznesmenlər üçün biznes mühitinin inkişafı və beynəlxalq bazarlarda rəqabətə davamlılığın təminatı məqsədilə müxtəlif proqramlar həyata keçirir. Missiya həmçinin kənd təsərrüfatı kreditlərini əldə etmək imkanlarını yaxşılaşdırmaq üçün iki kommersiya bankı ilə birgə uzunmüddətli layihə gerçəkləşdirir”.

Ofisin rəhbəri səhiyyə sahəsində görülən işlərə də aydınlıq gətirib: “Ofisimiz tibbi personalın vərdiş və bacarıqlarının yaxşılaşdırılması, uşaq və ana sağlamlığının yaxşılaşdırılması, ölkədə vərəmə yoluxmanın səviyyəsinin azalması istiqamətində işlər görür. Səhiyyə sahəsi – Azərbaycan hökumətinin daha böyük miqdarda investisiya yatırdığı sahədir, bu səbəbdən artıq bizim dəstəyimizə əvvəlki tək ehtiyac duyulmur. Buna görə 2013-cü ildən sonra biz səhiyyə sahəsində həyata keçirdiyimiz proqramların sayını ixtisar edəcəyik”.

Maykl Qrin USAİD-in təşkilatlar və vətəndaş cəmiyyətinin Azərbaycanda demokratiyanın inkişafı prosesinə cəlb olunması səviyyəsinin artırılması istiqamətində proqramlar reallaşdırdığını deyib: “Biz qadın hüquqlarının inkişafı, korrupsiyaya qarşı mübarizə, vətəndaşların ədalət mühakiməsinə əlçatımlığının artırılması sahəsində vətəndaş cəmiyyətinin nümayəndələrinə kömək etmək üçün onlarla birgə işləyirik. Habelə biz yeni kütləvi informasiya vasitələri ilə bağlı işlər görürük. Biz əvvəllər ənənəvi kütləvi informasiya vasitələri – radio və televiziya ilə işləyirdik, son iki ildə isə internet mediaya daha çox diqqət yetirməyə başlamışıq”.

USAİD bu il Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə əməkdaşlıq çərçivəsində “elektron hökumət” strategiyasını dəstəkləməklə onlayn saytlara və hökumət xidmətlərinə giriş imkanlarını yaxşılaşdırmaq istiqamətində layihə həyata keçirməyi planlaşdırır: “Bu, prosesin effektivliyini artırmağa və korrupsiya səviyyəsini azaltmağa imkan verəcək. USAİD ölkənin regionlarında poçt şöbələrində 30 yeni internet kioskun açılmasını planlaşdırır ki, bu da yerli sakinlərin elektron hökumət sisteminə girişini asanlaşdıracaq. Biz həmçinin bir sıra universitetlərdə tələbələrin İnternetə girişini asanlaşdırmaq üçün “İnternet hot-spot”lar quraşdırmışıq. Həmçinin BP və Amerika Ticarət Palatasının (AmCham)dəstəyi ilə USAİD yaxın aylarda universitet tələbələrinin internaturası üzrə proqram gerçəkləşdirəcək”.

Ötən ildən başlayaraq ofis tərəfindən qadınların ölkənin ictimai və siyasi həyatda iştirakına cəlb olunması məqsədilə proqramın həyata keçirildiyini deyən Maykl Qrin bu proqram çərçivəsində bir neçə QHT koalisiyalarının yaradıldığını deyib: “Bu koalisiyalar qadınların liderlik keyfiyyətlərinin inkişafı məqsədilə müxtəlif treninqlər keçirir, həmçinin qadın problemləri, o cümlədən qadınlara qarşı ayrı-seçkiliyiklə bağlı ictimaiyyətin məlumatlandırılması üçün kampaniyalar keçirirlər”.

USAİD-in bu yaxınlarda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində layihənin reallaşdırılması üçün qrant ayırması xəbərini şərh edən Maykl Qrin bildirib ki, bu proqram həmin ərazilərdə yaşayan insanlara kömək məqsədilə ABŞ Konqresinin ayırdığı vəsait hesabına həyata keçirilir: “Bu, o demək deyil ki, ABŞ hökuməti Dağlıq Qarabağ hökumətini tanıyır. Bu, insanlara yardım məqsədi daşıyan humanitar proqramdır. Düşünürəm ki, son illər ərzində USAİD içməli su təminatının yaxşılaşdırılması, səhiyyə və minaların təmizlənməsi sahələrində hər il 2 milyon dollara yaxın vəsait ayırıb. Sırf praktiki səbəblərdən bu qrantı USAİD-in Ermənistan Ofisi idarə edir, çünki biz buradan qeyd olunan proqramın həyata keçirilməsinə nəzarət etmək imkanından məhrumuq”.

Maykl Qrin əmin olduğunu bildirib ki, bu qrant proqramına ayrılmış vəsait əvvəlcədən müəyyən olunmuş məqsədlər üçün sərf ediləcək: “USAİD harada fəaliyyət göstərirsə-göstərsin, biz eyni standartlarla çalışırıq və ayrılmış pulların hara xərcləndiyinə əminik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR