Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasında Şərqi Timor və Somalidəki vəziyyətlə bağlı keçirilən müzakirələrdə çıxış edib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasında Şərqi Timor və Somalidəki vəziyyətlə bağlı keçirilən müzakirələrdə çıxış edib
# 23 fevral 2012 09:31 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev fevralın 22-də BMT Təhlükəsizlik Şurasında Şərqi Timor və Somalidəki vəziyyətlə bağlı keçirilən açıq müzakirələrdə çıxış edib. APA-nın ABŞ müxbirinin xəbərinə görə, A. Mehdiyev deyib ki, Azərbaycan Şərqi Timorun qanunun aliliyi, ədalət və insan hüquqları sahəsində əldə etdiyi tərəqqini alqışlayır və dövlət institutlarının möhkəmləndirilməsi üçün göstərilən səyləri dəstəkləyir. O, İnsan Hüquqları Şurasının hesabatına Şərqi Timor hökumətinin konstruktiv reaksiyasını bəyəndiyini söyləyib: “Keçmişdə baş vermiş ağır cinayətlərə görə məsuliyyətin müəyyən olunması istiqamətində atılan addımlar uzunmüddətli sülhə və sabitliyə müsbət təsir göstərər. Ölkənin bir sıra problemlərin kökündən həlli və davamlı inkişafın təminatı üçün hələ də ikitərəfli və beynəlxalq yardıma ehtiyacı var”.

Səfir bildirib ki, seçkilərə hazırlıqda və prosesin hüquqi çərçivəsinin hazırlanmasında mühüm irəliləyiş əldə olunub, amma təhlükəsizlik və sabitlik məsələsi hələ də hazırlıq dövrünün başlıca məsələlərindən biri olaraq qalır: “Polis Birgə İnkişaf Planı (PNTL) seçkiqabağı əməliyyat planlaşdırmasını prioritetə çevirib və BMT Vahid Missiyası (UNMIT) milli polis qüvvələrini dəstəkləməyə hazırdır. Sevindirici haldır ki, PNTL 2011-ci ilin martında qayda-qanunun qorunması üçün tam məsuliyyəti öz üzərinə götürdükdən sonra ölkədə vəziyyət sabitləşib və cinayətkarlıq azalıb. PNTL-in institusional inkişafı təmin olunmalı və bu plan dəstəklənməlidir”.

A. Mehdiyev fevralın 22-də Somalidəki vəziyyətlə bağlı dinləmələrdə də çıxış edib. O, Somali hökumətinin və regiondakı digər dövlətlərin dəniz quldurları ilə mübarizədə göstərdiyi səyləri qeyd edib və bildirib ki, bu səylər beynəlxalq birlik tərəfindən dəstəklənməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR