Rumıniyada Əyyub Quliyevin konserti olub
18 iyun 2012 12:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rumıniyanın “Olteniya” Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konserti keçirilib. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, gənc dirijorun idarəçiliyi ilə Olteniya Filarmonik orkestrinin ifasında Azərbaycan, Avropa və Cənubi Amerika musiqisinin nümunələri səslənib. Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası və Olteniya Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə ilk dəfə olaraq Rumıniyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura ifa olunub. Rumıniya Filarmonik orkestri tərəfindən səsləndirilən bu əsər dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Konsertin instrumental bölməsində məşhur rumın zərb ifaçısı, Buxarest Filarmonik orkestrinin solisti Aleksandru Anastasiunun ifasında tanınmış Braziliya bəstəkarı Ney Rozauronun Vibrafon və orkestr üçün konserti dinləyicilərə təqdim edilib. Konsertin ikinci bölməsində fransız bəstəkarları Jorj Bize və Kamil Sen-Sansın müxtəlif səhnə əsərlərinin simfonik orkestr üçün işləmələri yer alıb. Dünya şöhrətli “Karmen Süita” ilə bərabər Bizenin “Arlezianka” süitasından nümunələr dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda isə Sen-Sansın “Samson və Dalila” operasından “Vakxanaliya” simfonik lövhəsi proqrama yekun vurulub.
İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024