Ümumdünya Gömrük Təşkilatı Bakıda «Qlobal qalxan» Proqramı çərçivəsində təlim keçirir

Ümumdünya Gömrük Təşkilatı Bakıda «Qlobal qalxan» Proqramı çərçivəsində təlim keçirir
# 12 iyun 2012 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Avropa regional ofisində təşkilatın «Qlobal qalxan» Proqramı çərçivəsində təlim başlayıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Avstriya, Özbəkistan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Türkmənistandan gömrükçülər və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər. Ölkələrin bir qismi, o cümlədən Azərbaycan təlimdə dinləyici qismində çıxış edir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, «Qlobal qalxan» Proqramı ÜGT tərəfindən 2009-cu ildən həyata keçirilir. Əsas məqsəd partlayıcı maddələrin, kimyəvi silahların, narkotik vasitələrin hazırlanmasında istifadə olunan prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır.

ÜGT-nin Bakıdakı Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb. Tədbirdə iştirakçı ölkələrin nümayəndələri bu sahədə əldə olunmuş təcrübə və gömrük hüquqpozmalarının törədilməsinin qarşısının alınmasında istifadə olunan yeni üsullar barədə təqdimatlarla çıxış ediblər.

Təlim iyunun 15-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR