Azərbaycanda uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunacaq

Azərbaycanda uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunacaq
# 19 yanvar 2017 12:30 (UTC +04:00)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

APA-Economics”in məlumatına görə, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib ki, beynəlxalq təşkilatların tələbi əsasında bu qanuna dəyişiklik zərurəti yaranıb: “Bildiyiniz kimi, Azərbaycan 1992-ci ildən Beynəlxalq Aviasiya Təşkilatının üzvüdür. Azərbaycan Çikaqo konvensiyasına qoşulub. Bu konvensiya ilə dövlətimiz öz üzərinə bəzi öhdəliklər götürüb. Bu öhdəliklər əsasən konvensiya və ona edilmiş əlavələrin daxili normativlərdə öz əksini tapmasını tələb edir. 2005-ci ildə “Aviasiya haqqında” qanunu qəbul etdikdə həmin konvensiyaya 18 əlavə var idi. Bu konvensiyanın və əlavələrin əsas tələbləri qanunda nəzərə alınmışdı. 2013-cü ildə həmin konvensiyaya uçuşların təhlükəsizliyinin idarə olunması ilə bağlı yeni əlavə qəbul olunub. Bu əlavə tələb edir ki, təşkilata üzv olan hər bir dövlətdə mütləq qaydada uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı olmalıdır. 2015-ci ildə beynəlxalq təşkilat bizdə tam həcmdə uçuş təhlükəsizliyi üzrə audit keçirdikdə bütün amillərin arasında yəni, 8 kritik amillər arasında dövlətin qanunvericiliyini yoxlayanda bizə irad tutublar və mənfi qiymətləndiriblər. Düşünürəm ki, təklif olunan dəyişikliklər konvensiyanın və əlavələrin maddələrindən irəli gələn tələblərin hamısını özündə əks etdirəcək. Biz yenidən standartlara uyğunluq faizini qaldıracağıq. Bilirsiniz ki, 2015-ci ildə uyğunluq faizi qənaətbəxş deyildi. Biz onun üzərində işləyirik. Prezident Administrasiyası və Nazirlər Kabineti bizə bu istiqamətdə kömək edir. Ola bilsin ki, bu yaxınlarda struktur dəyişikliyi olacaq”.


Qeyd edək ki, qanun layihəsinə əsasən uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunacaq.

Qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin yaz sessiyasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR