“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq sazişi imzalayıb

“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq sazişi imzalayıb
# 21 noyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında əməkdaşlıq sazişi imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sənədi “Bank of Baku”nun İdarə Heyətinin sədri Fərid Hüseynov və ADİU-nun rektoru Ədalət Muradov imzalayıb.

İkitərəfli saziş bankla təhsil ocağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Sənədə əsasən yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr “Bank of Baku” tərəfindən təsis edilən təqaüd proqramından faydalana biləcəklər. Qarşılıqlı əməkdaşlıq həmçinin tələbə və məzunların “Bank of Baku”da təcrübə proqramlarına cəlb edilməsini və universitetdə fəaliyyət göstərən “Sabah” qruplarının təhsil aldığı auditoriyalardan birinin maddi-texniki təchizatının bank tərəfindən təmin olunacağını nəzərdə tutur.

İmzalanma mərasimindən öncə müəllim-professor heyəti qarşısında çıxış edən Ə. Muradov ölkənin inkişafında təhsilin mühüm rolundan danışaraq, bu proseslərdə biznes sektorunun təhsilin inkişafına göstərdiyi marağın və qayğının dəyərli olduğunu vurğulayıb. Rektor ikitərəfli əməkdaşlıqdan müəllim və tələbələrin səmərəli istifadə edəcəklərinə əmin olduğunu bildirib.

Öz növbəsində F. Hüseynov vurğulayıb ki, bank üçün sosial yönlü aksiyalar prioritet əhəmiyyətlidir və bu mənada təhsilə ayrılan diqqət müstəsna əhəmiyyət daşıyır. F. Hüseynov qeyd etdi ki, “Bank of Baku” artıq Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir və yüzlərlə tələbə bu əməkdaşlıqdan geniş faydalanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR