Dövlət Komitəsi: Rusiyada qanunu pozan azərbaycanlı miqrantlar çox az miqdardadır

Dövlət Komitəsi: Rusiyada qanunu pozan azərbaycanlı miqrantlar çox az miqdardadır
# 08 noyabr 2013 13:23 (UTC +04:00)

Komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri, Rusiyadakı son hadisələrlə əlaqədar yaradılmış İşçi Qrupun rəhbəri Rizvan Əliyev APA-ya açıqlamasında deyib ki, Federal Miqrasiya Xidməti Rusiyada miqrantlarla əlaqədar qəbul olunmuş qanunların neçə illərdir qüvvədə olduğunu desə də, bunun heç bir nəticəsi yoxdur.

O qeyd edib ki, Rusiyada bu qanun işləməli olduğu halda, təəssüf ki, nəticəsiz qalıb: “Biz on ildən çoxdur eşidirik ki, Rusiyadakı miqrantlara kvota ayrılmalıdır. Bu vaxta kimi kvotalar ayrılmır. Əlbəttə, kvotalar ayrılmalıdır, ancaq hansı formada? Bilirik ki, Avropa ölkələrinə daxil olan immiqrantlar, ölkədən çıxan miqrantlar üçün sərt, dəqiq qanunlar mövcuddur. Nəzərə almalıyıq ki, Rusiya çoxmillətli ölkədir. Arzuolunmaz qüvvələr çox zaman orada miqrantlarla baş verən hər hansı neqativ hadisəyə milli don geyindirir. Azərbaycanlı miqrantlara gəlincə, biz onun tərəfdarı olmuşuq ki, Rusiyanın qanunlarına, adət-ənənəsinə hörmət edilməlidir. Rusiyanın miqrantlar üçün qanunları işləməli və miqrantlar da buna əməl etməlidir. O qanun işləsə və bizim miqrantlar bu qanuna riayət etsə, problem yaranmayacaq”.

R.Əliyev deyib ki, son vaxtlar Rusiyada miqrantların yaşamamasını istəyənlərin sayı artıb: “Lakin bir anlığa təsəvvür edək ki, bu qədər insan Rusiyanı tərk etdi. Axı işləyənlərin yerini tutmaq lazımdır. Buna görə də miqrantların kütləvi deportasiyası inandırıcı görünmür. Azərbaycandan Rusiyaya gedən hər bir miqrant qanuna riayət etməli, sənədlərini qaydasına salmalıdır ki, orada işləyə bilsin. Bu hadisələr başlayanda xəbər yayıldı ki, yarım milyon azərbaycanlı geri dönəcək. Ancaq Dövlət Komitəsi olaraq bunun qeyri-mümkünlüyünü bildiririk. Çünki Rusiyada qanunu pozan azərbaycanlı miqrantlar çox az miqdardadır. Səbəbi də odur ki, son 3-4 ildə ölkəyə qayıdan azərbaycanlılar daha çoxdur, nəinki Rusiyaya gedən miqrantlar. Uzun illər Rusiyada yaşayanların böyük hissəsi isə sənədlərini qaydaya salıblar. Əsasən, yeni miqrantlar problemlərlə üzləşməli olurlar”.

Komitə rəsmisi ümidvar olduqlarını bildirib ki, Rusiyanın Federal Miqrasiya Xidməti nə qədər miqrantın deportasiya olduğunu tezliklə açıqlayacaq: “Onu da deyim ki, Rusiyadan Azərbaycana qayıdan immiqrantların bir çoxu son hadisələrlə əlaqədar gəldiklərini bildirirlər”.

R.Əliyev Dövlət Komitəsinin ilk gündən bu məsələni diqqətdə saxladığını vurğulayıb: “Komitənin nümayəndə heyəti Moskvaya səfər etdi. Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) struktur bölmələri ilə əlaqə yaratdıq. Rusiyanın bütün regionlarında yaşayan azərbaycanlılarla işimizi qurduq və bu öz nəticəsini verdi. Orada fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərlərinə bildirdik ki, dövlət strukturları ilə sıx işləsinlər, məsləhətləşmələr aparsınlar, görüşlər keçirsinlər. Görüşlər oldu və regionlarda kütləvi şəkildə belə neqativ hadisələr baş vermədi. Əlbəttə, xırda insidentlər oldu. Habelə bazarlarda kütləvi yoxlamalar aparılır ki, bu da Rusiyanın qanunlarına uyğundur. Ancaq Moskvadakı kimi qlobal problemlər yaşanmadı. Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycanın Rusiyadakı səfirliyi, ÜAK-ın mərkəzi ofisi və regional bölmələri ilə əlaqə saxlayır, baş verə biləcək hadisələrlə əlaqədar öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi ilə məşğuldur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR