Ötən il Azərbaycanda 227,5 min borclu vergi ödəyicisinin borcu ləğv edilib

Ötən il Azərbaycanda 227,5 min borclu vergi ödəyicisinin borcu ləğv edilib
# 16 yanvar 2014 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində görülmüş tədbirlər nəticəsində bu ilin yanvarın 1-nə dövlət büdcəsinə olan vergi borclarının məbləği 2012-ci il yanvarın 1-nə olan vergi borcları ilə müqayisədə 23,8% azalıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində 227 480 borclu vergi ödəyicisinin borcu tamamilə ləğv edilib. Bu ilin yanvarın 1-nə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi 3,4% təşkil edib.

Hesabat dövründə vergi ödəyicilərinin dövlət büdcəsinə borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60 700 vergi ödəyicisində əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 86,8%-i borclar ləğv olunduğu üçün bağlanılıb. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1,705 mln. manat məbləğində vergi borcları üzrə müvafiq məhkəmə qətnamələri qəbul olunub, açılmış qərarlar üzrə ümumilikdə 58,1 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Keçirilmiş nəzarət tədbirləri zamanı vergi öhdəliklərini vaxtında yerinə yetirməyən 454 borclu vergi ödəyicisinin 63%-də qanun pozuntusu aşkar edilib, tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrin 89,4%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2 121 vergi ödəyicisinin 1,388 mln. manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilib, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 1 139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərarları qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb. Həmin iddialar üzrə 49 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb və 8 iş üzrə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadları qəbul olunub. Borc məbləğlərinin qeyd edilən mənbələrə yönəldilməsi barədə görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 1 224 borclu fiziki şəxs üzrə 122,5 min manat məbləğində borcların dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Kiçik həcmdə borcları olan vergi ödəyiciləri üzrə «İnzibati icraat haqqında» qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 3 402 vergi ödəyicisinin 577,6 min manat məbləğində borcları dövlət büdcəsinə ödənilib. Vergi orqanları tərəfindən aidiyyəti üzrə edilmiş müraciətlər əsasında 29 vergi ödəyicisinin ölkədən getmə hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR