Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, onun ölkəyə girişi 3 il qadağan olunacaq

Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, onun ölkəyə girişi 3 il qadağan olunacaq
# 15 yanvar 2014 11:28 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə FMX-nin mətbuat katibi Zalina Kornilova İTAR-TASS İnformasiya Agentliyində keçirilən brifinqdə bildirib. O deyib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib.

FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib. O, 2014-cü ildən etibarən miqrasiya qanunvericiliyi sayəsində tətbiq olunan yeniliklərdən danışıb. D. Demidenkonun sözlərinə görə, yeniliklərdən biri xarici tələbələrlə bağlıdır: “Belə ki, bundan sonra xarici tələbələr icazə almadan işləyə biləcəklər. Əvvəllər onların işləməsi üçün müvafiq qurumlardan icazə tələb olunurdusa, bu ildən bu tələb aradan qaldırılıb. Yeniliyə əsasən tələbələr təhsil aldıqları müddət ərzində (yay tətilləri də daxil olmaqla), Rusiya ərazisində çalışa biləcəklər. Digər tətbiq olunan yenilik isə xarici vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması sahəsindədir. Belə ki, xarici vətəndaşlar əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə ilə yanaşı, tibbi arayış da təqdim etməlidirlər. Bundan başqa, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Onlara patent və vergi ödəyicisi kartı verilməlidir. Bütün bunları əldə etdikdən sonra xarici vətəndaş əmək fəaliyyəti ilə məşğul ola bilər”.

D. Demidenko qeyd edib ki, tətbiq olunan yeniliklərdən biri Rusiya ərazisində qalma müddəti ilə bağlıdır. Belə ki, xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Bundan başqa, hazırda xarici vətəndaşa 6 ay ərzində Rusiya ərazisində 90 gün qalmağa icazə verilir, əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur. Yəni bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.

FMX-nin qeydiyyat-pasport departamentinin rəhbəri Aleksandr Aksenov isə çıxışında mirantların qeydiyyata alındığı “rezin evlər”dən danışıb. Onun sözlərinə görə, “rezin evlər”in sahibləri 3 il müddətinə qədər azadlıqdan məhrum ediləcəklər. Rusiya ərazisində hazırda 11 min “rezin evlər”in aşkarlandığını söyləyən FMX rəsmisi hər bir “rezin ev”də 600 nəfər miqrantın qeydiyyata alındığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR