Rövşən Tağıyev: “Sui-qəsd fəal ictimai-siyasi fəaliyyətimlə bağlı ola bilər”

Rövşən Tağıyev: “Sui-qəsd fəal ictimai-siyasi fəaliyyətimlə bağlı ola bilər”
# 15 may 2014 09:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Mayın 14-də axşam Kiyevdə silahlı basqına məruz qalaraq güllələnən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevin vəziyyəti normallaşıb. R. Tağıyev APA-ya açıqlamasında bildirib ki, Ukrayna Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin rəhbərliyi onunla maraqlanıb.

Artıq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının birgə istintaq qrupunun yaradıldığını söyləyən R. Tağıyev qeyd edib ki, sui-qəsd onun fəal ictimai-siyasi fəaliyyəti ilə bağlı ola bilər: “Mən azərbaycanlıların Konqres rəhbəri olmaqla yanaşı, burada Millətlər Assambleyasına da rəhbərlik edirəm. Bu yaxınlarda Donetskdə verdiyimiz bəyanat geniş reaksiya doğurdu. Ona görə də çox güman ki, son vaxtlar Ukraynada baş verən hadisələrlə bağlı Millətlər Assambleyasındakı fəaliyyətim bəzi qüvvələri narahat edir”.

R. Tağıyevin sözlərinə görə, onun 25 illik biznes fəaliyyəti ilə bağlı heç bir problemi olmayıb və indi də işi ilə əlaqədar kimlərdənsə problem gözləmir: “Mən biznesimdə heç kimdən asılı deyiləm və kiminləsə maraqlarım toqquşmur, əksinə, çoxlu dostlarım var. İstər otel sektorda, istər aldığım torpaq sahələrinin istifadəsində tək iştirak edirəm, heç kimlə maraqlarım toqquşmur”.

Diaspor rəhbəri baş verən hadisəni belə nəql edib: “Kiyevin mərkəzi Podol rayonunda, evimə yaxın ərazidə aptekdən çıxıb maşınıma minmək istəyirdim. Elə bu vaxt təxminən beş metr məsafədə, üzbəüz bir avtomobil dayandı və şüşələri enən kimi ucunda səsboğucu olan iki tapança mənə, düz üzümə tuşlandı. Özümü maşının altına atdım və bu zaman başıma doğru açılan ilk atəş çiynimə dəydi. Üzü maskalı şəxslərdən biri maşından düşüb yenə başıma doğru atəş açmağa çalışdı və mən güllədən yayındım. Elə bu zaman hadisə yerinə toplaşan insanları görən basqınçılar cəld avtomobillərinə minib qaçdılar”.

Milisdən R. Tağıyevə bildiriblər ki, artıq hadisə yerində tapançanın səsboğucusunu tapıblar. Eyni zamanda basqınçılara məxsus “Toyota” markalı avtomobil yanmış halda rayon ərazisində aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR