Azərbaycanın ali məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycanın ali məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı açıqlanıb
# 12 may 2014 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR