Millimizin futbolçusu: “Kimə uduzsaq da, erməniləri həmişə məğlub etmişik”

Millimizin futbolçusu: “Kimə uduzsaq da, erməniləri həmişə məğlub etmişik”
# 29 noyabr 2013 08:31 (UTC +04:00)

Bakı – APA. “Milli komandamızın Ermənistanla eyni qrupa düşdüyündən xəbərim var. Dünən püşkatmanın nəticəsi bilinəndən sonra uşaqlarla bu barədə danışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Nizami Hacıyev deyib.

Dünən 19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirin nəticələrinə əsasən, yığmamız gələn ilin payızında keçiriləcək mərhələdə Slovakiya, Ermənistan və Macarıstanla mübarizə aparacaq.

Təbii ki, millimizin ermənilərlə eyni qrupa düşməsi diqqətçəkən məqamdır. Hər iki ölkənin U-19 millilərinin yolu daha öncə də kəsişib. 2004-cü ildə bərabərə qaldığımız (1:1) düşmən ölkənin komandasını 2 il sonra məğlub etməyi bacarmışıq (2:1).

Karyerası ərzində U-17, U-19, U-21 və əsas millimizdə oynayan Hacıyev 2006-cı il oktyabrın 27-də Kiprdə keçirilən görüşdə komandamızın qələbə qoluna imza atıb: “Həmin oyunu çox yaxşı xatırlayıram. Heç vaxt unutmayacağım özəl bir gündür. Deyərdim ki, karyeramda ən önəmli qolu Ermənistan yığmasına vurmuşam. Hesabda geri olsaq da, dönüş edə bildik. Elə alındı ki, qələbə topunu vurmaq mənə nəsib oldu. Son dərəcə gərgin matç idi. Ermənilər orada da erməni olduqlarını göstərdilər. Erməni azarkeşlərdən biri meydana girib, Cavid Hüseynovu vurdu. Bundan sonra ara qarışdı. Baş hakim matçı təxminin 22-23 dəqiqə saxlamalı oldu”.

Hacıyev Azərbaycan millisinin bu dəfə də Ermənistan yığmasına qalib gələcəyini düşünür: “Kimə uduzsaq da, erməniləri həmişə məğlub etmişik. Klub səviyyəsində də “Neftçi” “Ararat”ı, “İnter” “Mika”nı devirib. Əminəm ki, bu dəfə də belə olacaq. Yadımdadır, biz Kiprdə meydana futbol oynamağa yox, döyüşməyə çıxmışdıq. Bilirdik ki, qalib gəlməkdən başqa yolumuz yoxdur. Millimiz bu dəfə də ermənilərə yerini göstərəcək”.

Qeyd edək ki, U-19-un 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun qarşılaşmaları Macarıstanda təşkil olunacaq.
Bu qrupun oyunlarının keçiriləcəyi tarix də məlumdur. Matçlar 2014-cü il noyabrın 10-dan 15-dək oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR