Azərbaycanla Honduras arasında iqtisadi məsləhətləşmələr olub

Azərbaycanla Honduras arasında iqtisadi məsləhətləşmələr olub
# 08 may 2014 06:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Hazırda Azərbaycan və Honduras beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Ş. Mustafayev ölkələr arasında əlaqələrin genişləndirilməsində hüquqi və iqtisadi bazanın yaradılmasının zəruriliyini diqqətə çatdırıb.

Ölkələr arasında kənd təsərrüfatı, investisiya qoyuluşu sahələrində geniş əməkdaşlıq imkanları var. Azərbaycan bir sıra sahələrdə zəngin təcrübəyə malikdir və bu istiqamətdə Hondurasla təcrübə mübadiləsi aparıla bilər. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrinə investisiya yatırır, layihələr həyata keçirirlər. Bu baxımdan, iş adamları arasında əlaqələrin qurulması üçün biznes forum və sərgilərin keçirilməsi məqsədəuyğundur.

M. Korrales iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib, infrastruktur, rabitə, kənd təsərrüfatı, turizm, meşə təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını vurğulayıb, ölkəsinin iqtisadiyyatına və potensial layihələrə dair məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR