Moskvanın Qərbi Biryulevo rayonu: Sakinlər də, miqrantlar da qorxu içindədir - HADİSƏ YERİNDƏN REPORTAJ

Moskvanın Qərbi Biryulevo rayonu: Sakinlər də, miqrantlar da qorxu içindədir - <span style="color: red;">HADİSƏ YERİNDƏN REPORTAJ
# 14 oktyabr 2013 15:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtının Cənub dairəsi, Qərbi Biryulevo rayonu... Oktyabrın 13-də kütləvi iğtişaşın baş verdiyi ərazidəyik. Ətrafda polislərə, yerli sakinlərə və əmək miqrantlarına rast gəlmək mümkündür. “Skinhed”lərin hücumuna baxmayaraq, miqrantlar öz işlərinə davam edirlər. Bura Moskvanın ən çox əmək miqrantının çalışdığı və məskunlaşdığı rayonlarından biri, bəlkə də birincisidir.

Olayların baş verdiyi məkan

“Biryuza” ticarət mərkəzi hadisələrdən dərhal sonra bağlanıb. Mərkəzin qapılarına kilid vurulub. Qapıda duran təhlükəsizlik xidmətinin əməkdaşları heç bir suala cavab vermirlər. Şahidlər deyir ki, bir gün öncə bir qrup “skinhed” ticarət mərkəzinə daxil olaraq irqçi şüarlar səsləndirib, daha sonra isə qarşılarına çıxan qeyri-slavyanlara hücum ediblər. Biryulevo sakini Sergey Maykov olayları dəhşət içində xatırlayır: “Biz qorxu içərisində yaşayırıq. Bu rayonda o qədər miqrant yaşayır ki, baş verənlərdə kimin günahkar olduğunu müəyyənləşdirmək çox çətindir. Oktyabrın 10-da bizim rayonun sakinini bir miqrant vəhşicəsində öldürüb. Sakinlər də həmin qatilin cəzalandırılmasını tələb ediblər. Gördüyünüz bu ticarət mərkəzinin qarşısında hər gün qarma-qarışıqlıq olur. Miqrantlar daha çox bura yığışırlar. Demək olar ki, hər gün burdan səs-küy və dava səsləri eşitmək olur”.

Hazırda rayon ərazisində və konkret olaraq iğtişaşın baş verdiyi ərazidə sakitlik hökm sürür. Dağıdılan dükanlar, küçələrdəki zibillər və aşırdılmış avtomobillər yığışdırılıb.

Qərbi Biryulevo sakini: “Bizim rayon kriminal içində boğulur”

Rayon sakini Yelena Vasilyevna hadisə baş verən vaxt ticarət mərkəzində olub: “Gənclərdən ibarət bir qrup şəxs miqrantlara hücum etdi və onları vəhşicəsinə döyməyə başladılar. Cəld hadisə yerindən uzaqlaşdım. Daha sonra baş verənləri televiziyada izlədim. Dəhşətdir. Bizim rayon kriminal içində boğulur. Axşam işdən evə qayıdanda buradan keçmək mümkün deyil. Küçəyə çıxmağa qorxuruq”.

İğtişaşa səbəb olan qətl

25 yaşlı İqor Şerbakov da bu rayonun sakini olub. Oktyabrın 10-da evinin qarşısında, nişanlısının yanında bir miqrant tərəfindən bıçaqla qətlə yetirilib. Moskva polisi artıq qatilin Rusiya vətəndaşı olmadığını təsdiqləyib. Qətl hadisəsindən sonra yüzlərlə rus millətçisi - “skinhed”lər qatilin tapılmamasına etiraz edərək Qərbi Biryulevoda kütləvi iğtişaş törədib. İ. Şerbakovla bir binada yaşayan Andrey bildirir ki, artıq cinayətin üstündən 4 gün keçib, qatil isə hələ tapılmayıb: “Biz qonşumuzu qətlə yetirənin tez bir zamanda tapılmasını və layiqli cəzasını almasını tələb edirik. Dünən etiraza qalxanlar arasında əksəriyyət Qərbi Biryulevonun sakinləri və İqor Şerbakovu tanıyanlar idi. Orada millətçilərin sayı az idi. Biz dinc etiraz aksiyası keçirmək istəyirdik. Kimlərsə bundan istifadə edib, aləmi qatdı bir-birinə... Biz artıq bezmişik. İqorun qətli rayon əhalisinin səbr kasasını daşırdı”.

Yerli sakin iğtişaş törədənlərə haqq qazandırdı

“Miqrantları döyənlər, avtomobilləri aşıranlar, ətrafa zərər verənlər bunu diqqət çəkmək üçün ediblər. Bizim başqa yolumuz yoxdur. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Lakin bir tədbir görülmür. Ona görə də diqqəti cəlb etmək üçün baş verənlərin olması qanunauyğun idi”.

İ. Şerbakovun öldürüldüyü yerə gül çələngləri düzülmüşdü və mərhumun fotosu qoyulmuşdu. Onu tanıyanlar, qonşuları və reportaj hazırlamağa gələn Rusiya jurnalistləri həmin yeri ziyarət edirdilər.

Tacik miqrant: “Qorxu içərisində yaşayırıq”

Tacikistandan olan miqrant Şaxnoz hər gün öz ölkələrinə deportasiya olunmalarını gözləməkdən bezdiklərini deyir: “Biz də qorxu içərisində yaşayırıq. Ölkədə nə baş verirsə, bizdən bilirlər. Cinayəti kimi törədib, onu tutsunlar və cəzalandırsınlar. Bizim nə günahımız var? Bir nəfərin badına hamını güdaza verirlər. Artıq bezmişik. Lakin neyləyəsən, çörək pulumuzu burdan qazanırıq”.

“OMON” “Pokrov” meyvə-tərəvəz bazasında reyd keçirir

Moskva xüsusi təyinatlı polisinin – “OMON”un reyd keçirdiyi “Pokrov” meyvə-tərəvəz bazasına yollandıq. Baza bağlanmışdı. Bütün piştaxtalar boş idi. “OMON” dəstələri bazada çalışan və ətrafda gözə dəyən bütün miqrantları yoxlayırdılar. Sənədləri yoxlanılan miqrantlar avtobuslara mindirilərək yaxınlıqdakı polis bölmələrinə aparılırdı.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var

Moskva Cənub dairəsi Polis İdarəsinin əməkdaşı Marat Buqulov APA-ya açıqlamasında oktyabrın 10-da İ. Şerbakovu qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirdiklərini bildirib: “Bazarda müxtəlif millətlərin nümayəndələri olur. Bura cinayətkarın gizlənməsi üçün əlverişli məkandır. Bugünkü reyd zamanı saxlanılan şəxslərin barmaq izləri götürülərək onların məlum cinayət hadisəsində iştirak edib-etməməsi yoxlanılacaq. Sənədləri qaydasında olan miqrantlar sərbəst buraxılacaq, qaydasında olmayanlar barəsində isə müvafiq tədbirlər görüləcək”.

M. Buqulov saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru: “Ümid edirik ki, bazar tezliklə açılacaq”

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də “Pokrov” bazasında çalışan həmyerlilərimizin taleyi ilə maraqlanmağa gəlmişdi. O, APA-ya açıqlamasında saxlanılanlar arasında azərbaycanlıların olduğunu təsdiqləyib: “Gördüyünüz kimi, bazar bağlanıb. Həm meyvə-tərəvəz bazası, həm də bazar qapalı elan olunub. Rusiya hüquq-mühafizə orqanları oktyabrın 10-da baş verən qətl hadisəsini törədən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirirlər. Hər şey Rusiya qanunlarına uyğun aparılır. Bazarda çalışan həmyerlilərimizin sənədləri qaydasındadır. Saxlanılan şəxslər arasında həmyerlilərimiz də var. Lakin onların sayı çox azdır. Barmaq izləri götürüldükdən və onların məlum qətl hadisəsində iştirak edib-etmədikləri araşdırıldıqdan sonra bu şəxslər dərhal buraxılacaqlar. Sənədləri qaydasında olmayan həmyerlilərimiz barəsində isə tədbir görüləcək”.

İ. Hacıyev bildirib ki, “Pokrov” bazarının rəhbərliyi azərbaycanlıdır: “Bazar rəhbərliyi burada çalışan azərbaycanlıların sənədlərini qaydasına salmaq üçün əlindən gələni edib. Ümid edirik ki, həm meyvə-tərəvəz bazası, həm də bazar tezliklə açılacaq. Azərbaycanlı sahibkarlar tərəvəz məhsullarının tez xarab olmasından narahatdırlar”.

Qeyd edək ki, Rusiya rəhbərliyi paytaxtın Qərbi Biryulevo rayonunda baş verənləri nəzarətə götürüb. Prezident Vladimir Putin müvafiq göstərişlər verib. Cinayətkarın tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR