Mirmahmud Mirəlioğlu: “Eldar Namazovun hamımızı Milli Şurada bir araya yığıb, sonra isə getməsi doğru deyil”

Mirmahmud Mirəlioğlu: “Eldar Namazovun hamımızı Milli Şurada bir araya yığıb, sonra isə getməsi doğru deyil”
# 28 yanvar 2014 13:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefa verəcəyini xeyli öncə, Milli Şuranın sessiyasından əvvəl bilirdik. Eldar Namazov Milli Şuradan istefa verəcəyini bildirmiş, bu barədə söhbətimiz olmuşdu. Eldar Namazovun istefasını istəmirdik, bunun onun özünə də deyirdik. Ancaq o, “El” Hərəkatının partiyalaşması məsələsini önə çəkdi, bu istiqamətdə işlərini quracağını bildirdi”.

Bunu APA-ya açıqlamasında E. Namazovun Milli Şuradan istefasına münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

M. Mirəliloğlu E. Namazovun Milli Şuranın sessiyasından əvvəl yox, indi istefa verməsinin isə şəxsi işi olduğunu qeyd edib: “Bütün hallarda Milli Şuradan istefa verən, gedən insanların gördükləri işləri, missiyaları əvəzləyən olmayacaq. Bu istefa olmamalı idi. Xüsusən Eldar Namazov öncədən Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun sözçüsü olmuş, hamının bir araya gəlməsi üçün danışıqlarda iştirak etmişdi. Bizim hamımızı bir araya yığıb, sonra da getmək doğru deyil, amma bu cür məsləhət bilib, işi avand olsun”.

KXCP sədri E. Namazovun Milli Şuradan gedişini Müsavat Partiyasının qurumdan gedişi ilə müqayisə etmək istəməyib: “Bu gedişlərin hər birinin özünəməxsusluğu var və hər birisi ilə bağlı da müxtəlif fikirlər mövcuddur. Bu gün bu məsələlər olmamalı idi, amma olub”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya bildirib ki, E. Namazovun istefası onun “El” Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə sədr seçilməsi ilə bağlıdır: “Eldar Namazov işləri çox olduğu üçün Milli Şurada fəaliyyətini dayandırıb. Biz ona işlərində, fəaliyyətlərində uğurlar arzulayırıq. Eldar Namazovun Milli Şuradan gedişi onun fərdi mövqeyidir, çünki “El” Hərəkatının Milli Şurada təmsilçiliyi əvvəlki kimi davam edir. Milli Şuranın Koordinasiya Şurasında da “El” Hərəkatı geniş təmsilçiliyi davam edir. “El” Hərəkatının Milli Şurada olmuş üzvlərinin əksəriyyəti yenə də qurumda fəaliyyətlərini davam etdirirlər. İndiyə qədər “El” Hərəkatının 4 üzvü Milli Şuradan istefa verib”.

F. Qəhrəmanlı Eldar Namazovun və “El” Hərəkatının 3 üzvünün istefalarını Müsavat Partiyasının Milli Şuradan gedişi ilə əlaqələndirmək, müqayisə etmək istəmədiklərini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR