TQDK sədri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinin fikirlərinə münasibət bildirib

TQDK sədri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinin fikirlərinə münasibət bildirib
# 16 sentyabr 2013 15:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun komissiyanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bununla əlaqədar olaraq komissiya öz münasibətini bildirib. Məhəmməd Bayramovun fikri ilə əlaqədar yeni bir fikir söyləmək istəmədiyini deyən M. Abbaszadə vurğulayıb ki, hər il elmi-metodik seminarlar təşkil edilir və burada mütəxəssislər bütün nəticələri müzakirə edirlər: “Qəbul imtahanlarının məzmunu pedaqoji ictimaiyyətin iştirakı ilə formalaşır. Bu prosesdə həm orta məktəb, həm ali məktəb müəllimləri, həm də alimlər iştirak edir. Bu nəticələri əldə etmək üçün xüsusi statistik nəticələri də biz həmin seminara təqdim edirik. Hələ ki bu il üçün statistik nəticələri seminara təqdim etməmişik deyə bu fikrə hansısa yeni bir münasibət bildirməyi özümə rəva bilmirəm”.

M. Abbaszadə qeyd edib ki, bu məsələ ilə bağlı cəmiyyəti heç nə çaşdırmır və hər şey aydındır: “Proqramlar yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunur. Proqramlar çap olunanda biz model testləri də təqdim edirik. Yanvardan ictimaiyyətə imkan veririk ki, o təqdim olunan proqram, model testlərə öz fikirlərini bildirsinlər. Ondan sonra sınaq imtahanları keçirilir və bunların nəticələrini də aşkar səviyyədə ictimaiyyətə təqdim edirik. Bu builki qəbul imtahanlarında da əldə olunan nəticələr əvvəldən gözlənilən nəticələr idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR