Azərbaycanda “Vergi dost”larının sayı 1 151 nəfərə çatıb

Azərbaycanda “Vergi dost”larının sayı 1 151 nəfərə çatıb
# 18 oktyabr 2013 09:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İsmayıllı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. Qeyd olunub ki, indiyədək respublika üzrə 1071 nəfər müəllimə müvafiq təlim keçilib və “Vergi dostu” sertifikatı təqdim olunub.

“Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 80 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə “Vergi dost”larının ümumi sayı 1151 nəfərə çatıb.

Tədbirlərdə İsmayıllı rayonu icra hakimiyyətinin nümayəndələri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və ictimaiyyətin digər nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR