Parisdə azərbaycanlı məcburi köçkünlərdən bəhs edən “Həyata keçməyən arzular” adlı fotosərginin açılışı olub - FOTOSESSİYA

Parisdə azərbaycanlı məcburi köçkünlərdən bəhs edən “Həyata keçməyən arzular” adlı fotosərginin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyun 2014 22:12 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Azərbaycandakı 4 qaçqın düşərgəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotosərgi Cozef Qalareyasında (Galerie Joseph) nümayiş etdirilir. Ed Kaşinin iştirakı ilə keçirilən açılış mərasimində fotoqraflar, jurnalistlər, diplomatlar və musiqiçilər də daxil olmaqla 90-dan çox adam iştirak edib.

Cozef Qalareyasının Satış və Marketinq departamentinin rəhbəri Melissa Reqan Doveql Avropa Azərbaycan Cəmiyyətini yeni işlərdən ibarət sərgi ilə Cozef Qalareyasında yenidən görməsindən məmnun olduğunu bildirib: “Cozef Qalareyasında bu cür rəsmlər tez-tez nümayiş olunur və biz çox məmnunuq ki, tanınmış fotojurnalist Ed Kaşinin lentə aldığı emosional, kreativ şəkilləri bu gecə qalereyada nümayiş olunacaq”.

“Bu gün biz tanınmış Amerika fotojurnalisti Ed Kaşinin əsərlərini nümayiş etdirəcəyik. Digər mükafatlarla yanaşı Ed Kaşı həmçinin 2011-ci ildə keçirilən “World Press Photo” müsabiqəsinin qalibi olub. Fotoqraflıq sənətinə dair 7 kitabı və “Fotojurnalizm” adlı ən mühüm kitabı işıq üzü görüb”, deyə Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qeyd edib.

Marie-Laetitia Gourdin BMT-nin Ümumdünya Qaçqınlar Həftəsi çərçivəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətini əks etdirən fotoşəkillərin nümayiş etdiriləcəyini bildirərək, adambaşına düşən məcburi köçkün sayına görə Azərbaycanın dünyada ən yüksək həddə olduğunu vurğulayıb: “Sovet İttifaqının süqutundan sonra, artıq 20 ildən çoxdur ki, Ermənistan ordusu Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonunu işğal edib. Azərbaycan və Ermənistan iki ölkə arasında bağlanmış atəşkəs sazişinin iyirminci ildönümünü andı, lakin münaqişə hələ də həll olunmamış qalır”.

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, sərgidə nümayiş olunan şəkillər illərdir doğma yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraitini özündə əks etdirir: “Hər kəsin bir sadə arzusu var – öz doğma ata-baba torpağına geri dönmək. Ümid edirəm ki, bu sərgi qaçqın və məcburi köçkünlərə qarşı humanizm hissinin yaranmasına xidmət edəcək. Mən səmimi qəlbdən arzu edirəm ki, bu sərgi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın ki, uşaq, qadın və qocalara əzab-əziyyət verən bu münaqişənin günbəgün uzadılması yolverilməzdir. Mən ümid edirəm ki, bir gün Azərbaycan və Ermənistan sülhə nail olacaq və biri birinə hörmətlə yanaşacaq”.

Ed Kaşi qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün Azərbaycana səfər etməyi özümə borc bildiyini qeyd edib: “Mən 30 ildir fotojurnalist kimi işləyirəm. Mən bir çox qaçqınların vəziyyətlərini görmüşəm və təəssüf ki, bu davam edən və artan problemdir. BMT-nin Ümumdünya Qaçqınlar Həftəsi bu cür məsələlərin həll edilməsi üçün nələrin edilməli olduğunu düşünmək üçün mühüm ərəfədir”.

Fotojurnalistin sözlərinə görə, Azərbaycanda qaçqın və məcburi köçkünləri lentə almaq onun üçün təcrübə oldu: “Sovet İttifaqının süqutundan sonra yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən xəbərdaram, lakin çox insan bu münaqişənin 20 il əvvəl baş verdiyini unudub”.

Ed Kaşi qeyd edib ki, məcburi köçkünlərin qeyri müəyyən vəziyyətdə yaşadığını unutmamaq lazımdır: “Mən qeyd etməliyəm ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin diqqət və qayğıya ehtiyacını olduğunu anlayaraq onlar üçün yeni yaşayış düşərgələri salır. Azərbaycan üçün bu çox ciddi məsələdir.

Şəkillərdə əks olunan səhnələr demək olar ki, tam qəflətən çəkilib. Mən insanlara daha yaxın olaraq onların hiss və emosiyalarını lentə almağı çalışıram. Mən işləyərkən şəkli çəkilən insanlara nə etdiyim barədə və şəkillərin nə kimi istifadə olunacağı barədə məlumat verirəm. Mən yaşlı insanların öz həyat hekayələrini danışarkən göz yaşlarını güclə saxladıqlarının şahidi oluram. Çəkilən şəkillərin münaqişənin hələ də həll olunmamış qalması və əhalinin öz doğma yurd-yuvalarına qayıda bilməməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edəcəyi barədə əhalinin inandırılmasında AAC-nin əvəzsiz xidməti olub”.

Qeyd edək ki, “Həyata keçməyən arzular” sərgisi iyun ayının 19-dan 25-dək nümayiş olunacaq.

Dünya şöhrətli fotojurnalist Ed Kaşi Nyu Yorkda “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” üçün işləyib. O, dünyanın məşhur fotojurnalistlərindəndir. “VII Photo” təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıqdan əziyyət çəkən bölgələrdə çəkdiyi fotolarla məşhurdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR