Rəfsəncani İran müxalifətinin liderlərinin övladları ilə görüşüb

Rəfsəncani İran müxalifətinin liderlərinin övladları ilə görüşüb
# 18 noyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani üç ildən çoxdur dustaqlıqda saxlanılan ölkə müxalifətinin liderlərinin övladları ilə görüşüb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi açıqlama verib.

Onun sözlərinə görə, görüşdə qardaşı Məhəmmədhüseyn Kərrubi və Mirhüseyn Musəvinin qızları - Nərgiz və Kövkəb də iştirak ediblər. Görüşdə H.Rəfsəncaniyə ölkə müxalifətinin liderlərinin saxlanılması haqqında məlumat verilib.

İranın eks-prezidenti də onların saxlanılması vəziyyətinin girovluq deyil, bəlkə də həbs olduğunu bildirib: “İranın ali dini lideri də ölkə müxalifətinin liderlərinin dustaqlıqda saxlanılmasından narahatdır. Onlar tezliklə girovluqdan azad ediləcək. Hazırkı şərait də xalqın ciddi tələbləri əsasında girovluğun qaldırılmasını tələb edir. Məndən onlara salam söyləməyinizi xahiş edirəm”.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. M.Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi İran prezidenti Həsən Ruhanidən atasının ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR