Azərbaycan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının növbəti Konqresi və Baş Assambleyasında iştirak edib - FOTO

Azərbaycan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının növbəti Konqresi və Baş Assambleyasında iştirak edib - <span style="color: red;">FOTO
# 19 iyun 2014 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının (BƏMA) 14-cü Konqresi və Baş Assambleyası keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, konqres “Peşəkarlıq, partnyorluq və məhsuldarlıq: bütün dünyada səmərəli əmək müfəttişliyinin təmin olunması” mövzusuna həsr olunub. Tədbirdə dünya ölkələrində layiqli əməyin təminatı məqsədilə sosial tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə imkanlar araşdırılıb, bununla bağlı üçtərəfli təşəbbüslər, habelə işçi, işəgötürən və əmək müfəttişliyinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili, regional Alyanslarla işin gücləndirilməsi məsələləri müzakirə edilib.

BƏMA-nın 2014-2017-ci illər üzrə Fəaliyyət Planı da tədbirin əsas müzakirə mövzularından biri olub. Bununla yanaşı, BƏMA-nın İcra Komitəsinin tərkibi prosedur qaydalara uyğun olaraq yenilənib və Kevin Myers Assosiasiyanın yeni prezidenti seçilib. Həmçinin Azərbaycanın 2008-ci ildən üzv olduğu, özündə 12 ölkəni birləşdirən regional “Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nın tərkibi də yenidən seçilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti BƏMA-nın sabiq prezidenti M. Patterson, Assosiasiyanın yeni prezidenti K.Myers ilə işgüzar görüşlər keçirib. Görüşlərdə Azərbaycanda sağlam və təhlükəsiz əmək üzrə Milli Strategiyanın hazırlanması, əmək hüquqlarının təminatı sahəsində aparılan islahatlar, xüsusən əmək müqaviləsi bildirişlərinin onlayn qeydiyyat sisteminin yaradılması barədə məlumatlar rəğbətlə qarşılanıb.

Eyni zamanda, nümayəndə heyətinin “Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişləri Alyansı” tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycanda təşkil edilməsi barədə təklifi müsbət dəyərləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR