İranda iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb

İranda iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb
# 17 aprel 2014 08:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Yürüş (Ayət) Mehrəlibəyli və Arəş Məhəmmədi aprelin 15-dən etibarən bu addımı atıblar.

Hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslar məhkumların ailələrinə təzyiq və hədələrə son qoyulması istəyirlər, həmçinin onları öz şəhərlərinə göndərməkdən imtina edilməsinə, siyasi məhbuslara məzuniyyət verilməməsinə və həbs zaman təhlükəsizlik məmurlarının evlərə daxil olaraq ailə üzvlərinin qorxutmasına etirazlarını bildirirlər.

Qeyd edək ki, Y.Mehraəlibəyli İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edilib. Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü olan azərbaycanlı faəl Təbriz İnqilab Məhkəməsinin qərarı ilə hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandırılaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəal isə barəsində çıxarılmış hökmü ədalətsiz hesab edərək digər 4 əqidə yoldaşı ilə birlikdə bir aya yaxın aclıq aksiyası keçirib. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Bir müddətdən sonra Təbrizə geri qaytarılıb və şəhərin mərkəzi həbsxanasının maliyyə bölümünə salınıb.

A.Məhəmmədi Əmir Nəzəri və Əfşin Cəmşidi ilə birlikdə 2013-cü il iyunun 15-də Təbrizdə İranda prezident seçkilərinin nəticələri məlum olduqdan sonra xalqın küçələrdə çıxaraq qələbə sevincini qeyd etdiyi zaman həbsə alınıb. O, qeyri-qanuni həbsinə və tutulan zaman döyülməsinə etiraz əlaməti olaraq 9 gün aclıq aksiyası da keçirib və onun istintaq prosesi zamanı da işgəncələrə məruz qaldığı bildirilir. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi 2013-cü ilin iyulunda A.Məhəmmədiyə 6 ay həbs cəzası verilib. Solçu tələbə fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. A.Məhəmmədi hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının maliyyə bölümündə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR