Səid Cəlili: “Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”

Səid Cəlili: “Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”
# 17 may 2013 08:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran istər Türkiyədə, istərsə də İraq və ya bölgədəki başqa bir ölkədə milli təhlükəsizlik, həmrəylik, inkişaf və siyasi sabitliyə gətirib çıxaracaq bütün hərəkətləri dəstəkləyir”. APA-nın məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran Türkiyədə həmrəylik və milli təhlükəsizliyin əldə edilməsinə səbəb ola biləcək hərəkətləri dəstəkləyir və digər ölkələr üçün də eyni dünyagörüşünə sahibdir: “Çünki bölgə ölkələrinin təhlükəsizliyi bir-birinə bağlıdır. Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Biz bu şəkildə düşünürük. İran və Türkiyə bu gün hökumətlər və xalqlar səviyyəsində dərin əlaqələrə və 22 milyard dollardan çox ticarət dövriyyəsi həcminə malikdir. İran və Türkiyə müxtəlif beynəlxalq arenada bir-biri ilə əməkdaşlıq və müşavirə halındadır. Bu səbəbdən bu dərin və geniş əlaqələri saxlamaq üçün təhlükəsizliyi təmin etmək vacibdir”.

S.Cəlili deyib ki, Türkiyənin müsəlman dünyası üçün çox yaxşı mövqeyi var: “İraq və Suriya da son illərdə İsrailə qarşı vacib mövqe nümayiş etdirib. İran başda bu üç ölkə olmaqla bölgə ölkələri ilə dərin və strateji əlaqələrə malikdir və bütün mövqeyini bölgə xalqları arasındakı dostluğu inkişaf etdirmək üçün istifadə edir. Əgər bir anlaşılmazlıq yaransa, bunun aradan qaldırılması üçün səy göstəririk. Dostluq münasibətləri dərinləşdikcə bölgə ölkələrinin təhlükəsizliyi, inkişafı və gücü də inkişaf edəcək”.

İran rəsmisi Türkiyənin Suriya ilə sərhəd Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki terror aktını da pisləyib: “Bu hadisəyə heç bir şəkildə haqq qazandırmaq olmaz və nədə qəbul edilə bilməz. Çünki terrorun heç bir məntiqi yoxdur. Günahsız insanların öldürülməsi, xüsusilə dostlarımız və qardaşlarımızın təhlükəsizliyi söz mövzusudursa, qınanmağa məhkumdur. İran hökuməti və xalqının mövqeyi budur. Bu, İran İslam Respublikasının mövqeyi, əsas dünyagörüşüdür. Bu mövzuda dostlarımızla keçirdiyimiz təhlükəsizliklə bağlı görüşlərdə etimadsızlıq mühitini meydana gətirən qüvvələrlə mübarizə aparmaq lazım olduğunu dilə gətiririk. Bölgə ölkələrinin sərhədləri dostluq, təhlükəsizlik, sülh və əməkdaşlıq sərhədləri olmalıdır. Bu gün İran və Türkiyə sərhədləri bu xüsusiyyətləri daşımaqdadır”.

S.Cəlili vurğulayıb ki, İraq, Türkiyə və Suriya kimi ölkələrdə yaşayan xalqlar sülh və təhlükəsizlik sərhədlərinə sahib olmağı haqq edirlər: “Bu səbəbdən bu ölkələr arasındakı əlaqələr günbəgün dərinləşir. Bölgə ölkələrinin əlaqələrinin birləşdirilməsi üçün çalışmalı, müsəlman ölkələrinin ortaq düşmənlərinə problemləri ixtilaf çıxararaq qızışdırmalarına icazə verməməliyik. Çünki bu vəziyyət, yəni islam düşmənlərinin bu mövqeyi heç kimin xeyrinə deyil. Bu gün bölgə və müsəlman ölkələri arasında vəhdət, dostluq və əməkdaşlıq şüarları və dərin strateji həll yolları şəkillənməlidir. İran başda Türkiyə, Suriya və İraq olmaqla bölgədəki ölkələrlə olan dostluq əlaqələrini nəzərə alaraq bu dövlətlərin sərhədlərində sülhün təmin edilməsi üçün hər cür dəstək verməyə hazırdır. Bölgədə təhlükəsizlik çərçivəsi yaradılmalıdır. Düşmənlərin bizə qarşı hansısa mənfi hərəkətinə icazə verməməliyik. Biz bu cür cəhdlərlə, həmçinin təhlükəsizliyi təhlükəyə atacaq cəhdlərə səbəb ola biləcək qüvvələrlə mübarizə aparılmasını istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR