Azay Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azay Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 14 aprel 2014 16:52 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir ölkəmizdə çalışmasından məmnunluğunu bildirib. Böyük Britaniyanın ölkəmizdəki səfiri Şuranın fəaliyyəti, onun qanunvericilik təşəbbüsü və xarici QHT-lər üçün qrant proqramı haqqında ətraflı məlumat almaq istədiyini ifadə edib.

Azay Quliyev Şuranın yaranması və fəaliyyəti haqqında səfirə ətraflı məlumat verərək, qurumun dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını bildirib. A. Quliyev Şuranın demokratik prinsiplər əsasında formalaşdırıldığını, 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini vurğulayıb. Şuranın 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrı-seçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyyələşdirdiyini qeyd edən A. Quliyev təşkilatların qanunvericiliklə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün “hüquq və monitorinq” komissiyası yaratdıqlarını səfirin diqqətinə çatdırıb.

A.Quliyev Böyük Britaniyanın vətəndaş cəmiyyəti sahəsində çoxillik tarixə malik zəngin təcrübəsinin olduğunu və Azərbaycan QHT-lərinin də bundan bəhrələnməyə maraq göstərdiyini qeyd edib.

İrfan Siddiq Şuranın fəaliyyətini müsbət dəyərləndirdiyini, QHT-lərin inkişafı ilə bağlı təkliflərin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu qeyd edib. Diplomat həmçinin hər iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyini də deyib.

Sonra tərəflər mümkün əməkdaşlıq mövzularını müzakirə edərək görüşlərin davam etdirilməsi haqqında razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR