Yuliya Timoşenkoya əlillik statusunun verilməsi təklif olunub

Yuliya Timoşenkoya əlillik statusunun verilməsi təklif olunub
# 18 dekabr 2013 14:48 (UTC +04:00)

Bakı – APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya əlillik statusunun verilməsi təklif olunub.

APA-nın “Vesti.ua” saytına istinadən verdiyi məlumata görə, bu təşəbbüslə Y. Timoşenkonun müdafiəçisi, Ali Radada müxalif “Batkivşina” partiyasını təmsil edən Sergey Sas çıxış edib.

Deputatın sözlərinə görə, son zamanlar sabiq baş nazirin səhhəti pisləşib. Bundan əvvəl əlillik təhlükəsi haqqında Y. Timoşenkonun əri və qızı bəyan edib. Onlar sabiq baş nazirin onurğasında kəskin ağrılarının olduğunu əsas gətirərək tibbi əməliyyatın zəruriliyini vurğulayıblar. Onurğa xəstəliyi Y. Timoşenkoda 2011-ci ildə, həbsindən sonra inkişaf etməyə başlayıb.

Rusiya ilə qaz sazişlərinin bağlandığı zaman səlahiyyətlərini aşmaqda günahlandırılan Y.Timoşenko 7 il həbs cəzasına məhkum edilib. Əvvəl Xarkovun Kaçanov islah müəssisəsində saxlanılan Y. Timoşenko hazırda şəhər xəstəxanasındadır.

Y. Timoşenkonun məsləkdaşları Ukraynada tibb sahəsinin aşağı səviyyədə olmasını əsas gətirərək, sabiq baş nazirin müalicə üçün xarici ölkəyə göndərilməsini hökumətdən tələb ediblər. Eyni tələbləri rəsmi Kiyev qarşısında Avropa Birliyinin nümayəndələri də qoyublar.

Ukrayna prezidenti Viktor Yanukoviç isə Ali Radanın müvafiq qanun qəbul edəcəyi halda, sənədə imza atmağa hazır olduğunu bildirib. Parlamentə məhkumların xaricdə müalicə alması haqqında bir neçə qanun layihəsi təklif edilsə də, onların heç biri deputatların səs çoxluğunu qazanmayıb.

Noyabrın sonunda Ukrayna hökuməti AB ilə assosiativ Sazişin bağlanmasına hazırlığı dayandırıb. Buna etirazın olaraq sabiq baş nazir aclıq aksiyası keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR