AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinə daxil olan institut və təşkilatların müşavirəsi keçirilib

AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinə daxil olan institut və təşkilatların müşavirəsi keçirilib
# 05 iyun 2013 14:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai və Humanitar Elmlər Bölməsinə daxil olan elmi-tədqiqat institutları və təşkilatların direktorları ilə müşavirə keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli müşavirədə ictimai və humanitar elmlər sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrdən danışıb.

O bildirib ki, akademiyanın fəaliyyətinin ana xətlərindən biri də dünya elminə inteqrasiya etməkdir. Bunun üçün dünya elminin müsbət nəticələrini, təcrübəsini öyrənmək və AMEA-nın elmi-tədqiqat institutlarında tətbiq etmək əhəmiyyətlidir. AMEA-da struktur dəyişikliklərinə toxunan İ.Həbibbəyli vurğulayıb ki, yeni Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və Analitik Təhlil idarələri və İnnovasiya şöbəsinin təşkil olunmasında əsas məqsəd akademiyanın idarəetmə işlərinin təkmilləşdirilməsindən, əməkdaşların beynəlxalq tədbirlərdə yalnız iştirakçı yox, məruzəçi və təşkilatçı kimi də fəaliyyətini təmin etməkdən ibarətdir. Bundan əlavə, akademiya elmi ilə ali məktəb elminin vəhdət şəkildə inkişafı, elmi-tədqiqat institutlarında kafedraların filiallarını təşkil edərək elm üçün kadrlar yetişdirmək səyləri akademiyanın yeni rəhbərliyinin həm elm, həm də təhsil müəssisələri üçün əhəmiyyətli təşəbbüsləri kimi nəzərə çatdırılıb. Dövlət səviyyəli proqramların, irimiqyaslı qrant layihələrinin hazırlanması və icrası işlərində AMEA-nın daha fəal iştirak etməsinin vacibliyi də vurğulanıb. Həmçinin bildirilib ki, qrant layihələrinin icrasının monitorinqi hazırda yalnız donor təşkilatlar tərəfindən aparılır. Bu işlər AMEA daxilində də məsuliyyətlə həyata keçirilərsə, qrant təşkilatlarının daha çox etibarını qazanmaq olar ki, bu da gələcək layihələrə beynəlxalq elmi əməkdaşlığa müsbət təsir göstərə bilər. Natiq AMEA-nın elmi nəşrlərinin keyfiyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində akademiya rəhbərliyinin tələblərini diqqət mərkəzinə çəkib.

Sonra çıxış edənlər ictimai və humanitar elmlərin daha da inkişaf etdirilməsi, müasir dövrün tələbləri ilə səsləşməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyası, tərcümə işinin təşkili və sair məsələlərlə bağlı fikirlərini bildiriblər. İctimai və Humanitar Elmlər Bölməsinin alimləri qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil rəylərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR