Xələf Xələfov Belarus xarici işlər nazirinin I müavini ilə görüşüb

Xələf Xələfov Belarus xarici işlər nazirinin I müavini ilə görüşüb
# 19 iyun 2014 14:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus xarici işlər nazirinin I müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə X.Xələfov ölkələrimiz arasındakı münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə edib, Azərbaycanla Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Qarabağ nizamlanması prosesi barədə qonağı məlumatlandıran X. Xələfov bildirib ki, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsi problemin həllinə imkan vermir.

Görüşdə həmçinin Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulması məsələsinə diqqət yetirilib, müvafiq prinsiplərin praktiki surətdə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Öz növbəsində V. Mixneviç iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR