Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ

Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
# 03 may 2024 13:28 (UTC +04:00)

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanın APA-ya müsahibəsi

- Azərbaycanda minatəmizləmə ilə bağlı təşəbbüsə Avropa İttifaqına üzv olan 10 ölkə qoşulub, amma təşkilatın 27 üzvü var. Yaxın gələcəkdə layihəyə qoşulanların sayının artacağını gözləyə bilərik?

- Bu sadəcə, başlanğıcdır və mən ümid edirəm ki, Aİ-nin daha çox üzvü bu təşəbbüsə töhfə verəcək.

Unutmayın ki, aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı oldu və bu gün may ayının 3-dür və bir aydan az müddətdə bu təşəbbüsə başlanılıb. Qeyd etdiyim kimi, bu, hələ başlanğıcdır və mən əminəm ki, daha çox üzv bu təşəbbüsə qoşulacaq və biz bunu irəlilədəcəyik. Əlbəttə, mən indi dəqiq neçə ölkənin qoşulacağını proqnoz verə bilmərəm.

- Bugünkü tədbirdə mina təhlükəsindən danışıldı. Aİ keçmiş münaqişə tərəflərini Ottava Konvensiyasına qoşulmağa təşviq edə bilər?

- Təbii ki, nəticə etibarilə Ottava Konvensiyasına qoşulmaq ölkələrin suveren qərarıdır. Biz heç kimi buna məcbur edə bilmərik. Ancaq hesab edirik ki, bu Konvensiyaya qoşulmaq yaxşı ideyadır və biz ölkələri bunu etməyə həvəsləndiririk. Əlbəttə, biz bu prosesə hazırlıq istiqamətində istənilən yardımı etməyə hazırıq. Məsələn, ölkələrin Konvensiyaya qoşulmağa hazırlaşması və Konvensiyaya qoşulmaq istiqamətində uyğun imkanlara malik olması üçün texniki yardımı təmin edə bilərik, bacarıqların qurulması üçün investisiya edə bilərik.

- Ticarətin, iqtisadi əməkdaşlığın sülhə, barışığa təkan verməsi geniş yayılmış yanaşmadır. Bu mənada Avropa İttifaqı kimi nümunə var. Necə düşünürsünüz, bizim regionda da ticarət bu mənada rol oynaya bilər?

- Doğru qeyd etdiniz, Aİ ticarət konsepsiyası üzərində qurulub. Bu həqiqətən mənim marağımda olan bir məqamdır. Ölkələr bunu özləri edə bilər və əlbəttə ki, biz də regionda ölkələrin əlaqələnməsinə yardım edə bilərik, Gürcüstan da daxil olmaqla. Biz regionu Aİ ilə Orta Dəhliz adlandırdığımız layihə ilə əlaqələndirə bilərik. Həmçinin, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq da qeyd olunmalıdır. Bütün bunlar gələcək vəd edir. Biz qarşıda Bakı Limanını görürük, onun potensialı bəllidir. Ancaq eyni zamanda, bütövlükdə bu region enerji, ticarət, rəqəmsallaşma üçün əhəmiyyətli bir mövqedə yerləşir. Aİ olaraq bizim üçün Mərkəzi Asiya ölkələrinə və Çinə olan ticarət dəhlizi çox maraqlıdır. İnfrastruktura investisiya qoyularkən planların koordinasiya olunması və müxtəlif tərəflərin iştirakına əmin olmaq vacibdir.

Tənzimləmələr, gömrük prosesinin asan olması və ticarət prosesinin rahat baş tutması yüksək dərəcədə əminlik verir. Biz Aİ tərəfi olaraq bu regionla işləməkdə, əməkdaşlıqda və ticarətin regiona sülh gətirməsi yanaşmasını reallaşdırmaqda çox maraqlıyıq.

- Aİ və Azərbaycan arasında sazişlə bağlı soruşmaq istərdim. Tərəflər bu sazişi 2017-ci ildən bəri müzakirə edir. Bununla bağlı hər hansı yenilik var?

- Regionla, Azərbaycanla əməkdaşlığın yeni erasında olduğumuzu deyə bilərəm. Mən görürəm ki, bizim əlaqələrimiz əhəmiyyətli dərəcədə daha da güclənməkdədir. Və hesab edirəm ki, tərəfdaşlıq sazişinə məhz bu kontekstdə yanaşmaq lazımdır. Hesab edirəm ki, Aİ-nin regionla daha yaxın əlaqələrinin qurulmasının başlanğıcındayıq. Mən bu prosesə daha da töhfə verməkdə həvəsliyəm.

- Gürcüstanda baş verənlər barədə soruşmaq istəyirəm. Aİ-yə namizəd statusunda olan ölkədə baş verənləri Aİ necə qiymətləndirir?

- Əslində dünən elə Gürcüstanda səfərdə idim. Hökumətlə çox saylı görüşlər keçirdim. Bu ölkədə baş verən son hadisələr çox narahatlıq doğurur. Küçələr və meydanlarda etirazçılara şiddət tətbiq olunur. Eyni zamanda, təklif olunan yeni qanunvericilik layihəsi də Gürcüstanın Aİ yolunda inteqrasiyasına əngəllər yaradır. Bəzi sahələrdə islahatlar lazımdır ki, inteqrasiya yolunda irəliləmə olsun, çünki proses indiyə qədər yavaş olub. Biz Aİ olaraq çox həvəsliyik ki, Gürcüstan bu yolu izləsin. Bu mənada yardım üçün bizim qapılarımız açıqdır, indi top Gürcüstan hökumətindədir. Hələ də vaxt var ki, narahatlıq doğuran bu məsələlər həllini tapsın, Gürcüstanın inteqrasiyasına əngəllər aardan qalxsın. Və biz bunun olacağına çox ümid edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR