Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva Energetika İnstitutunda mütəxəssislər hazırlanacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva Energetika İnstitutunda mütəxəssislər hazırlanacaq
# 02 iyul 2014 15:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Moskva Energetika İnstitutunun (MEİ) rektorunun vəzifəsini icra edən prorektoru Nikolay Roqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında innovasiyaların, nüvə energetikasının inkişafı, kadr hazırlığı, birgə tematik konfransların keçirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Ölkəmizdə yüksək texnologiyalar sahəsinin artan xətt üzrə inkişafına diqqət çəkən nazir Əli Abbasov davamlı nailiyyətlər üçün savadlı mütəxəssislərin olmasının vacibliyini qeyd edib. Nazir sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və nəinki ölkəmizdə, hətta xarici ölkələrdə azərbaycanlı gənclərin təhsil alması üçün münbit şərait yaradıldığını vurğulayıb. “Hazırda Azərbaycan Respublikasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla icra olunur və bu proqram çərçivəsində hər il 1 500 tələbə dünyanın bir çox ölkəsində dövlət vəsaiti hesabına təhsil alır. Hesab edirik ki, Moskva Energetika İnstitutu bu proqrama qoşula bilər və biz yeni tədris ilindən etibarən ilkin mərhələdə 10 azərbaycanlı tələbənin bu təhsil ocağında təhsil almasını istərdik”, - deyə nazir bildirib.

Öz növbəsində N. Roqalyov rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanda yüksək texnologiyaların inkişafını və təhsil sistemində ən son texnoloji üsulların tətbiqini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın perspektivli olacağına əminliyini ifadə edib.

Sonda bu ildən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva Energetika İnstitutunda kadrların hazırlanması məsələsi ilə bağlı razılaşma əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR