Dəməşq Hələbdəki təhlükəsizliyin təminatı ilə bağlı planı Moskvaya təqdim edib

Dəməşq Hələbdəki təhlükəsizliyin təminatı ilə bağlı planı Moskvaya təqdim edib
# 17 yanvar 2014 10:37 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya Suriyadakı münaqişənin regionun təhlükəsizliyinə təhdid olmasının qarşısını almaq istəyir.

APA - nın məlumatına görə, bunu Suriya xarici işlər naziri Valid Muallemlə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, o, gələn həftə İsveçrənin Montrö şəhərində Suriya ilə bağlı keçiriləcək konfransın münaqişənin sona çatmasına, ölkənin demokratik, dünyəvi qalmasına kömək edəcəyini gözləyir.

Rusiya XİN rəhbəri əlavə edib ki, ölkəyə humanitar yardımın göstərilməsi məsələsi hələ də açıq olaraq qalır. S. Lavrovun sözlərinə görə, Suriyada humanitar yardımın insanlara çatdırılmamasına görə silahlı müxalifət məsuliyyət daşıyır. O qeyd edib ki, Əsəd hökuməti ölkədə humanitar vəziyyətin normallaşması üçün konkret addımlar atmağa hazırdır.

S. Lavrov həmçinin beynəlxalq humanitar təşkilatların Suriyaya humanitar yardımını da alqışlayıb. Bununla yanaşı o, BMT-nin Suriyaya ayrılan humanitar yardımın kimə çatacağını açıqlanmasını istəyib: “Bu yardımlar şəffaf olmalıdır”.

Öz növbəsində Suriya XİN rəhbəri V.Muallim ölkədə mövcud vəziyyətdən danışıb. O bildirib ki, mətbuatda hökumət qüvvələrinin öz vətəndaşlarını öldürməsi və dövlət müəssisələrin dağıdılması ilə bağlı məlumatlar əsassızdır: “Bunları ölkədə fəaliyyət göstərən terrorçular edir. Bu xəbərləri yayan insanların kimliyini bilirik. Bunlar ya kordurlar, ya da ölkədəki vəziyyətdən xəbərsizdirlər”.

S. Lavrov isə deyib ki, Suriyadakı yaraqlılar, xüsusi ilə “İraq və Levanta İslam Dövləti” adlı təşkilatın üzvləri dinc əhalini kütləvi şəkildə öldürür: “Onlar hətta jurnalistləri, xəstəxanada olan insanları edam edir. Belə misallar çoxdur”.

Rusiya XİN başçısı onu da bildirib ki, Rusiya Suriyadan kimyəvi silahın çıxarılması prosesinin çətinləşdirilməsi cəhdləri müşahidə edir. Bu üzdən də Moskva Dəməşqlə sılahların çıxarılması əməliyyatının tarixini razılaşdırmaq qərarına gəlib.

Hələb ətrafındakı duruma gəldikdə isə Suriya XİN rəhbəri bildirib ki, Dəməşq Hələbdəki təhlükəsizliyin təminatı ilə bağlı planı Moskvaya təqdim edib.

“Bununla əlaqədar mən Lavrovdan müvafiq planın icrası ilə bağlı bütün lazımi işlərin görülməsini, bu bölgəgə bütün hərbi əməliyyatların dayandırılmasının dəqiq tarixini müəyyənləşdirməyi xahiş etmişəm”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR