Maykl Mann: “İranın nüvə məsələsi bir gecədə həll oluna bilməz”

Maykl Mann: “İranın nüvə məsələsi bir gecədə həll oluna bilməz”
# 22 noyabr 2013 10:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çox intensiv keçdi”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı detallarla bağlı ətraflı fikir mübadiləsi aparıblar: “Biz mühüm məsələləri, xüsusilə əsl mübahisəli mövzuları müzakirə etdik. Bildiyiniz kimi, İranın bundan əvvəlki hökumətinin zamanında da nüvə danışıqları aparılırdı. Ancaq həmin danışıqlar real müzakirələr deyildi. Bu dəfə Cenevrədə üç tur müzakirə baş tutub və danışıqlar da həqiqi olub. Biz detallara ətraflı şəkildə daxil olduq. Ona görə də əvvəlki müzakirələrlə müqayisədə indi vəziyyət çox yaxşıdır”.

M.Mann deyib ki, İranın nüvə məsələsi on ildir müzakirə olunur: “Ona görə də bu məsələ bir gecədə həll oluna bilməz. Əlbəttə, bu məsələnin həlli xeyli vaxt alır. Çünki bu, çox mürəkkəb bir məsələdir. Bir gecədə möcüzə baş verməyəcək. Ona görə də mübahisəli məsələləri azaltmaq və məsafəni qət etmək üçün fəal şəkildə işləməliyik. Gerçək olan budur ki, biz əsas məsələlərlə bağlı danışıqlar aparırıq. Əvvəlki müzakirələrdə mühüm bir şey baş vermədiyini nəzərə alsaq, hazırkı danışıqlarda irəliləyiş olduğunu deyə bilmərik”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri bu gün də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR